Baltikyanı ölkələr Avropa İttifaqını (Aİ) Rusiyadan neft idxalına qadağanın tətbiqini sürətləndirməyə çağırıblar.
Bu barədə Financial Times məlumat yayıb.
Məlumata görə, Baltikyanı ölkələrin rəsmiləri Rusiyanın enerji ixracından əldə etdiyi gəlirlərin azaldılması məqsədilə Aİ-ni mövcud məhdudiyyətləri daha operativ şəkildə sərtləşdirməyə çağırırlar. Onların fikrincə, Rusiyadan neft idxalına tam qadağanın daha tez tətbiqi Moskvanın maliyyə imkanlarını zəiflədə bilər.
Nəşr qeyd edir ki, bu məsələ Aİ daxilində Rusiyaya qarşı sanksiyaların daha da gücləndirilməsi ilə bağlı müzakirələrin tərkib hissəsidir.
Avropa İttifaqı 2027-ci ilin payızınadək Rusiya qazını enerji balansından mərhələli şəkildə çıxarmaq barədə razılığa gəlib. Lakin rəsmilərin sözlərinə görə, İranla müharibə bu planların icrasını ləngidib.
Bildirilib ki, Rusiyadan neft idxalına qadağa ilə bağlı təklifin aprelin 15-də müzakirəyə çıxarılması planlaşdırılsa da, mart ayında bu məsələ Avropa Komissiyasının ilkin gündəliyindən çıxarılıb.
Eyni zamanda, ekspertlər qeyd edirlər ki, qadağanın irəlilədilməsi Rusiyadan neft tədarükündən ciddi şəkildə asılı olan Macarıstan və Slovakiya kimi ölkələrin, eləcə də enerji daşıyıcılarının yüksək qiymətlərindən əziyyət çəkən digər Aİ üzvlərinin müqaviməti ilə üzləşə bilər.