Bank Of Baku

Azərbaycanda enerji səmərəliyi standartları ilə bağlı dövlət proqramı hazırlanıb

Azərbaycanda enerji səmərəliyi standartları ilə bağlı dövlət proqramı hazırlanıb
# 24 dekabr 2010 10:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) enerji səmərəliyi standartları üzrə dövlət proqramı hazırlayıb. «APA-Economics»in məlumatına görə, bunu SMPDK-nin standartlaşdırma şöbəsinin müdiri Sabiq Abdullayev bildirib.

S.Abdullayevin sözlərinə görə, bu proqram müvafiq nazirliklərlə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib. Ümumilikdə 75 standartdan ibarət olan proqramda gələcəkdə elektrik enerjisindən istifadə sahəsində 30%-dək qənaət olacağı nəzərdə tutulub. Standartlar müxtəlif sahələri, o cümlədən enerji istehsalından istifadəsinədək, həmçinin istilik izolyasiyasının qızdırılması sahələrini əhatə edəcək.

S.Abdullayev bildirib ki, Belarus təcrübəsi əsasında hazırlanan proqramda elektrik stansiyalarının turbinlərində faydalı iş əmsalının artırılması, işıq diodlarının tətbiqi və tikinti sektoruna aid standartlar yer alıb. Proqramın tikintiyə aid standartlarında tikinti materiallarının istifadəsində enerji itkilərinin qarşısının alınması və istiliyin qorunması, həmçinin tikinti zamanı divarların materialı və tikintisi, qapı və pəncərə materiallarının hazırlanması məqamları əksini tapıb. Ümumiyyətlə proqramda 75 standartın 20-si tikintiyə aiddir.

S.Abdullayev qeyd edib ki, Azərbaycanda bu standartların dərhal tətbiqi mümkün olmayacaq. Sənaye və digər müəssisələr üçün tətbiqetmə müddəti müəyyənləşəcək və onların həmin standartlara uyğunlaşması üçün müəyyən vaxt veriləcək.

Ş.Abdullayev həmçinin bildirib ki, Belarusda bu proqramın birinci mərhələsi uğurla icra edilib və hökumət ikinci mərhələyə başlamaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR