Bank Of Baku

ABŞ-da ifşa olunmuş Rusiya casusları neft sektorunda işlə təmin olunur

ABŞ-da ifşa olunmuş Rusiya casusları neft sektorunda işlə təmin olunur
# 12 yanvar 2011 09:45 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il ABŞ-da ifşa olunmuş Rusiya casuslarından Natalya Pereverzeva (Patrisiya Millz) “Transneft” şirkətində işlə təmin olunub.

APA-Economics”in “Kommersant”a istinadən xəbərinə görə, N.Pereverzeva “Transneft”in prezidenti Nikolay Tokarevin xarici iqtisadi əlaqələr üzrə müşaviri təyin edilib.

Sabiq casusu işlə təmin etmək təşəbbüsü şirkətdən gəlib. Amma seçim zamanı niyə məhz ABŞ-da evdar qadın olan N.Pereverzeva üzərində dayanılması haqda heç bir açıqlama verilməyib. Hələlik onu şirkətdə görən olmayıb. Etibarlı mənbələrdən isə “Kommersanta” bildirilib ki, N.Pereverzeva yüksək peşəkarlığı ilə seçilir və hətta döyüş mükafatları da var.

Qeyd edək ki, N.Pereverzeva ABŞ-a 2003-cü ildə köçüb. Əvvəlcə o, həyat yoldaşı Maykl Zotolli (Mixail Kutsik) ilə Sietldə yaşayıb, sonra Vaşinqton Universitetində təhsil alıb. Ötən ilin yayında bu cütlük digər Rusiya casusları - Anna Çapman, Riçard və Sintiya Merfi, Xuan Lazaro və Viki Pelaes, Mixail Semenko, Donald Hovard Hitfild və Treysi Li Enn Foli ilə birlikdə ifşa olunub.

N.Pereverzevadan öncə A.Çapman “Fondservisbank”ın prezidentinin sərbəst qrafikli müşaviri təyin olunub və hakim “Vahid Rusiya” Partiyasının Gənc Qvardiyasının İctimai Şurasına üzv seçilib. Andrey Bezrukov (Donald Hovard Hitfild) isə “Rosneft” prezidentinin xarici iqtisadi əlaqələr üzrə müşaviri təyin edilib.

Xatırladaq ki, ifşa olunmuş Rusiya casusları vətənə qayıtdıqdan sonra ölkə prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putin tərəfindən qəbul olunub. Onların missiyasının uğursuzluqla nəticələnməsinə görə heç bir məsuliyyət daşımadıqları və bundan sonrakı həyat şəraitinin dövlət tərəfindən təmin olunacağı ən yüksək səviyyədə bəyan olunub. Rusiya prezidenti onları “İgidlik” və IV dərəcəli “Vətən qarşısındakı xidmətlərinə görə” ordenləri ilə təltif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR