Bank Of Baku

«Baku Steel Company» istehsal həcmini kəskin artırır

«Baku Steel Company» istehsal həcmini kəskin artırır
# 13 yanvar 2011 13:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın ən böyük sənaye müəssisələrindən olan «Baku Steel Company» şirkəti istehsalı kəskin artırmağa və yeni məhsullar buraxmağa hazırlaşır. Şirkətin mətbuat katibi Namiq Əhmədovun «APA-Economics»ə verdiyi məlumata görə, daxili və xarici bazarlarda mövcud tələbatı nəzərə alaraq, zavodda istehsalın genişləndirilməsi, istehsal olunan məhsulların çeşidinin artırılması və digər yeni layihələrin həyata keçirilməsi ilə əlaqədar müəssisədə böyük yenidənqurma işləri aparılır.

Şirkətin planlarına görə, müəssisədə armaturla yanaşı, başqa məhsulların, o cümlədən künclük, şveller, ikitavr, katinka, məftil və digər metal məmulatlarının istehsalı da nəzərdə tutulub. Bununla əlaqədar olaraq müəssisədə lazımi avadanlıqlar, o cümlədən yeni yayma xətti quraşdırılır. Nəticədə, indiyədək müəssisədə fəaliyyət göstərən 2 yayma xəttinə 1-i də əlavə olunacaq. Əlavə məhsulların istehsalına bir neçə aya başlanacağı gözlənilir. Mətbuat katibinin sözlərinə görə, bu məhsullar hazırda bazarda satılan xaricdən gətirilən məhsulların qiymətindən ucuz olacaq: «Bizim məhsullar ən azı gömrük tarifləri və nəqliyyat xərcləri qədər ucuz olacaq».

Paralel olaraq şirkət bu il armatur istehsalını da kəskin artırmaq niyyətindədir. N.Əhmədovun sözlərinə görə, son vaxtlar bazardan saxta armaturların yığışdırılması şirkətin istehsal etdiyi armaturlara tələbatı artırıb: «Bəziləri yerli sexlərdə buraxılan keyfiyyətsiz armaturları Ukrayna və ya «Baku Steel Company»nin adı ilə satıb. «Artıq bu problem aradan qaldırılıb. Nəticədə, tikinti bumu olmasa da, saxta malların aradan qaldırılması ilə əlaqədar bazarda tələbat artıb», - deyə N.Əhmədov bildirib.

Xatırladaq ki, «Baku Steel Company» istehsalı olan armaturun qiyməti son 9 ayda dəyişməyib və 1 ton üçün 740 manat təşkil edir.

İstehsalın genişlənməsi şirkətdə yeni iş yerlərinin açılmasına şərait yaradıb. Artıq ötən ilin dekabrından şirkət metallurgiya sahəsində təcrübəsi olan işçilərin işə qəbuluna başlayıb. Bura poladəridən, tornaçı, qaz qaynaqçısı, qazla kəsici və s. ixtisaslar aiddir. İşçilərinin sayı 1500 nəfərə çatan şirkətə dekabrda 70 nəfər qəbul edilib, yanvarda isə daha 150 nəfərin işə qəbulu nəzərdə tutulub. İşçilərin bundan sonra da artacağı istisna olunmur.

Hazırda «Baku Steel Company»nin 100% Azərbaycan kapitallı müəssisə olduğunu deyən mətbuat katibinin sözlərinə görə, zavoda aparılan işlər yerli banklardan alınmış kreditlər hesabına aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR