Bank Of Baku

Rusiya Burqas-Aleksandrupolis neft kəmərinin tikintisi layihəsindən çıxması barədə xəbərləri təkzib edib

Rusiya Burqas-Aleksandrupolis neft kəmərinin tikintisi layihəsindən çıxması barədə xəbərləri təkzib edib
# 17 fevral 2011 07:12 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Burqas-Aleksandrupolis (Transbalkan) neft kəmərinin tikintisi layihəsindən çıxmaq niyyətində deyil.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu bəyanatla Rusiya baş nazirinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

Rusiyanın Transbalkan neft kəmərinin tikintisi layihəsindən çıxması barədə “Vedomosti” qəzetinin yazdıqlarını təkzib edən D.Peskovun sözlərinə görə, Kreml layihə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazırdır.

Qeyd edək ki, 2007-ci ilin martında Rusiya, Bolqarıstan və Yunanıstan hökumətləri arasında Burqas (Bolqarıstan) - Aleksandrupolis (Yunanıstan) neft kəmərinin tikintisinə dair dövlətlərarası saziş imzalanıb. Kəmərin tikintisinə dair layihənin dəyəri 1,5 mlrd. avro həcmində qiymətləndirilib. Bu neft kəməri vasitəsilə Rusiya və Qazaxıstan neftinin Bolqarıstan və Yunanıstandan keçməklə Avropa, ABŞ və Asiya-Sakit okean regionuna daşınması planlaşdırılır. Uzunluğu 280 km olan Burqas-Aleksandrupolis kəməri ilə ildə 35 mln. barel neftin daşınması mümkün sayılır, gələcəkdə bu rəqəmin 50 mln. barelə çatdırılacağı gözlənilir. Neft kəməri iştirakçı dövlətlərin təsis edəcəyi Beynəlxalq Layihə Şirkəti tərəfindən idarə ediləcək. Bu konsorsiumun səhmlərinin 51%-i Rusiyaya, 24,5%-i Bolqarıstana, 24,%-i isə Yunanıstana məxsus olacaqdı. Rusiyanı layihədə üç şirkət - “Transneft”, “Rosneft” və “Qazprom neft” təmsil edir.

Türkiyə boğazlarından yan keçməsi planlaşdırılan Burqas-Aleksandrupolis neft kəməri həm də Bakı-Tiflis-Ceyhan neft kəmərinə alternativ boru xətti sayılır. Ötən ilin iyun ayında Bolqarıstanın imtinasından sonra demək olar ki, Transbalkan neft kəmərinin taleyi sual altına düşüb. Yunanıstanın maliyyə problemlərini nəzərə aldıqda, bu kəmərin yaxın vaxtlarda çəkilməyəcəyi ehtimal olunur. Rusiyanın layihədən çıxması isə o demək olardı ki, Bakı-Tiflis-Ceyhan neft kəmərinə alternativ kimi düşünülən Transbalkan kəməri, ümumiyyətlə, tikilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR