Bank Of Baku

«Russneft» şirkəti Azərbaycandakı neft yataqlarının perspektivi ilə bağlı qərarını yaxın 2 ildə müəyyənləşdirəcək

«Russneft» şirkəti Azərbaycandakı neft yataqlarının perspektivi ilə bağlı qərarını yaxın 2 ildə müəyyənləşdirəcək
# 18 fevral 2011 10:14 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın “Russneft” şirkəti Azərbaycan, Qazaxıstan və Mavritaniyadakı neft yataqlarının perspektivi ilə bağlı qərarını yaxın 2 il ərzində müəyyənləşdirəcək. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə şirkətin prezidenti Mixail Qutseriyev bildirib.

Onun sözlərinə görə, gələn il neft hasilatı 14,7 mln. ton təşkil edəcək, 2013-cü ildə isə “Russneft” böhrandan əvvəlki - 2007-ci ilin göstəricisinə çatacaq.

Qeyd edək ki, əvvəllər Azərbaycanda neft layihəsində iştirak payı alan «Russneft» şirkəti sonradan öz payını Britaniyanın «Global Investment» şirkətinə satıb. Sonrakı mərhələdə isə Britaniya və Azərbaycan tərəfinin iştirakı ilə «Azerbaijan Global Energy» əməliyyat şirkəti yaradılıb.

Xatırladaq ki, 2006-cı ilin noyabrın 3-də Rusiyanın «Russneft» şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında «Russneft Absheron Investments Ltd.» əməliyyat şirkətinin yaradılmasına dair müqavilə imzalanıb. Müştərək şirkət «Zığ-Hövsan» yataqlar blokunun işlənməsi ilə məşğul olub. Kontrakt sahəsi 65 kv. km, çıxarılan neft ehtiyatları qalığı isə 12 mln. ton təşkil edir. Hasilat işlərinə 2007-ci ilin sentyabr ayında başlanılıb.

Əvvəllər bu blokun işlənməsində operator rolunda Rusiyanın «LUKoil» şirkəti çıxış edib. Belə ki, 2001-ci ilin yanvarın 9-da ARDNŞ ilə «LUKoil» arasında bərabər paylar əsasında (50%) PSA tipli müqavilə bağlanıb. Lakin sonradan layihə üzrə ekoloji bərpa işlərinə böyük həcmli investisiya tələb olunduğuna görə, «LUKoil» layihədən imtina edib və kontrakt 2004-cü ilin dekabr ayında ləğv olunub. «LUKoil» ekspertlərinin hesablamalarına əsasən, ümumi investisiyalar 250-300 mln. ABŞ dolları olduğu halda, ekoloji məsələlərin həllinə təqribən 100 mln. dollar tələb olunur.

Qeyd edək ki, «Zığ» yatağı 1935-ci, «Hövsan» yatağı isə 1948-ci ildən istismar olunur və indiyədək bu blokdan mövcud ehtiyatların yalnız 5-10%-i çıxarılıb. «Hövsan-Zığ» bloku Bakıdan təqribən 25 km şimal-şərqdə yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR