Bank Of Baku

Azərbaycanın Qobustan rayonu bütünlüklə alternativ enerji ilə təmin olunacaq

Azərbaycanın Qobustan rayonu bütünlüklə alternativ enerji ilə təmin olunacaq
# 02 mart 2011 12:21 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Azərbaycan Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Agentliyinin direktor müavini Cəmil Məlikov məlumat verib.

Onun sözlərinə görə, Qobustan rayonu ərazisində yaradılacaq alternativ enerji poliqonunda alternativ enerji ilə işləyən və 5,5 meqavatt (MVt) gücü olan elektrik stansiyasının yaradılması nəzərdə tutulub: “Faktiki olaraq poliqon bütün rayonu əhatə edir. Burda istehsal olunan enerji isə Qobustanın enerjiyə tələbatını ödəməyə sərf ediləcək”.

Külək, günəş və bioqazla işləyəcək stansiyanın yaradılmasında məqsəd alternativ enerji hasilatı ilə bağlı proseslərin mənimsənilməsidir. Artıq bununla bağlı işlərə başlanıb və stansiyanın tikintisinin birinci yarımilin sonunda başa çatacağı gözlənilir. C.Məlikovun sözlərinə görə, elektrik stansiyasının tikintisi bütünlüklə büdcədən maliyyələşdirilir: “Hələlik layihələndirmə işləri davam etdiyinə görə layihəni dəyərini dəqiq demək mümkün deyil. Amma gücünün 5,5 MVt olduğunu nəzərə alaraq bu məbləğin azı 10 mln. manat olacağını demək olar”.

Qeyd edək ki, praktikaya görə, ənənəvi enerji stansiyalarında hər Mvt istehsal gücü 2 mln. dollara başa gəlir, alternativ enerji qurğularında isə bu məbləğ daha yüksəkdir.

C.Məlikovun sözlərinə görə, Qobustan rayonunun enerjiyə tələbatının ödənilməsi üçün təkcə stansiyanın gücü kifayət etməyəcək. Bunun üçün evlərin və binaların damında günəş enerjisi qurğularının və günəş kollektorlarının yerləşdirilməsi nəzərdə tutulur: “Bu qurğular vasitəsilə küçələrin və həyətlərin işıqlandırılması nəzərdə tutulur. Ümumilikdə planlaşdırdığımız layihə çərçivəsində biz Qobustanın enerji tələbatının ödənilməsini nəzərdə tuturuq”.

Büdcə vəsaitləri hesabına tikiləcək stansiyadan fərqli olaraq, evlərin damına günəş batareyaları sakinlərin öz hesabına qoyulacaq. Bu qurğuların bahalı olmasına gəlincə, direktor müavininin fikrincə, elə şərait yaratmaq lazımdır ki, bu qurğuları alıb quraşdırmaq sakinlər üçün sərfəli olsun: “Bu addımlardan biri sakinlərə günəş batareyalarının alınması üçün 10-15 illiyə güzəştli kreditlərin verilməsi ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR