Bank Of Baku

«Şahdəniz» layihəsi çərçivəsində Xəzərdə iki yeni platforma qurulacaq

«Şahdəniz» layihəsi çərçivəsində Xəzərdə iki yeni platforma qurulacaq
# 04 mart 2011 11:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Şahdəniz» layihəsinin tammiqyaslı işlənməsi hazırda dünyanın ən böyük qaz işlənməsi layihələrindən biridir, yeni Cənub dəhlizi isə Avropa qaz idxalının təhlükəsizliyi və çoxşaxəliliyini əsaslı şəkildə artıracaq. Bu barədə «APA-Economics»ə «BP Azerbaijan» şirkətindən bildirilib.

«Sözügedən layihənin tammiqyaslı işlənməsi konsepsiyasına dənizdə emal gücü ildə 16 mlrd. kubmetr qaz olan və körpü ilə birləşdirilmiş iki yeni platforma, 2 yarımdalma qazma qurğusundan qazılacaq 30-dək sualtı quyu, suyun 550 metrədək dərinliyində 500 km uzunluğunda sualtı boru kəməri şəbəkəsi və Səngəçal terminalının genişləndirilməsi daxildir. Bundan başqa, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ildə 16 mlrd. kubmetr əlavə qaz daşımaq üçün 400 km uzunluğunda yeni xətt və Gürcüstanda iki yeni kompressor stansiyası vasitəsilə genişləndiriləcək. İlk qazın 2017-ci ildə əldə ediləcəyi planlaşdırılır», - deyə şirkətdən bildirilib.

Şirkətdən həmçinin bildirilib ki, 2010-cu ildə layihənin irəliləyişi Azərbaycanla Türkiyə arasında iyun ayında İstanbulda imzalanmış Anlaşma Memorandumu ilə daha da sürətlənib: «Bu, Azərbaycan qazının Türkiyəyə satışını və Türkiyə ərazisi ilə Avropa bazarlarına nəql edilməsi üçün tranzit şərtlərini müəyyənləşdirən çərçivə sənədidir. Ötən ilin dekabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və «Şahdəniz» layihəsinin tərəfdaşları hasilatın pay bölgüsü sazişinin 2031-ci ildən 2036-cı ilədək beş illik uzadılması sənədini imzalayıblar. Bu razılaşma «Şahdəniz»in uzunmüddətli qaz satışı sazişlərini təmin etməsinə imkan yaradır. Bu iki sənəd «Şahdəniz» tərəfdaşlarının yekun sərmayə qoyuluşu qərarına doğru bütün tələb olunan addımları başa çatdırmaq yolunda mühüm irəliləyişdir».

«Qazın Türkiyə üzərindən Avropa bazarlarına nəqli üçün ya Türkiyənin mövcud infrastrukturundan, ya da yeni boru kəməri infrastrukturundan istifadə ediləcək. Layihə hazırda bütün mövcud variantları qiymətləndirmək və bütün əsas maraqlı tərəflərin ehtiyaclarına ən yaxşı cavab verəcək marşrutu müəyyənləşdirmək üzərində işləyir. Türkiyə və Avropanın alıcıları ilə qaz satışı danışıqlarını aparmaq məqsədilə BP, «Statoil», ARDNŞ və «Total» şirkətlərinin nümayəndələrindən ibarət ixrac danışıqları qrupu yaradılıb», - deyə «BP Azerbaijan» şirkətindən bildirilib.

Xatırladaq ki, «Şahdəniz» yatağının ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 22 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR