Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «S&P» agentliyindən reytinq alır

Azərbaycan Dövlət Neft Şirkəti «S&P» agentliyindən reytinq alır
# 22 iyun 2011 07:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Standard & Poor’s» agentliyindən reytinq almağa hazırlaşır. «APA-Economics»in məlumatına görə, ARDNŞ-in baş ofisində «S&P» beynəlxalq agentliyi tərəfindən reytinqin verilməsi ilə əlaqədar təqdimat keçirilib. Görüşdə ARDNŞ rəsmiləri, habelə «S&P»nin London ofisinin direktoru Saymon Redmond, Moskva bürosunun baş direktoru Yelena Anankina və digər şəxslər iştirak ediblər.

Görüşdə ARDNŞ prezidenti Rövnəq Abdullayev son illər şirkətin beynəlxalq reytinq agentlikləri ilə sıx əməkdaşlıq etdiyini bildirib və 2009-cu ildə «Fitch Ratings», 2010-cu ildə isə «Moody’s» agentliyi tərəfindən beynəlxalq reytinqin verildiyini, bu reytinq dərəcələrinin ilbəil yaxşılaşdığını qeyd edən R.Abdullayev «Standard & Poor’s» təmsilçilərinin ARDNŞ-in göstəriciləri ilə tanış olduqdan sonra şirkətə müvafiq reytinq veriləcəyinə əminliyini bildirib.

Şirkət rəhbəri ARDNŞ-in Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti, ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynadığını bildirib. Eyni zamanda qeyd olunub ki, ARDNŞ 100% dövlət şirkəti olsa da, kommersiya qurumu kimi fəaliyyət göstərir.

Bununla belə dövlətin şirkətə daim böyük diqqət göstərdiyini qeyd edən R.Abdullayev ARDNŞ-in fəaliyyəti, son illərdə əldə etdiyi uğurlar, iştirak etdiyi irimiqyaslı beynəlxalq layihələr, xüsusilə xarici ölkələrdə həyata keçirilən investisiya layihələri barədə məlumat verib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas iştirakçılardan birinə çevrildiyini söyləyən şirkət prezidenti bu baxımdan həyata keçirilən regional layihələrdə ARDNŞ-in Azərbaycan dövlətini təmsil etdiyini xatırladıb. Şirkət prezidenti ARDNŞ-in fəaliyyətində daha risksiz və gəlirli layihələrə üstünlük verildiyini bildirib. O, yaxın illərdə şirkətin həyata keçirməyi planlaşdırdığı layihələr haqda danışaraq, ARDNŞ-in fəaliyyətində yeni mərhələyə keçdiyini söyləyib və inkişaf perspektivləri haqda məlumat verib.

Sonra «S&P» təmsilçiləri üçün ARDNŞ-in strukturu, törəmə şirkətləri, istehsal göstəriciləri, iştirak etdiyi layihələri əks etdirən təqdimat keçirilib. Agentlik təmsilçilərinin sualları Şirkətin prezidenti R.Abdullayev, vitse-prezidentlər və müvafiq idarələrin rəhbərləri tərəfindən cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR