Bank Of Baku

“Nabucco” konsorsiumu “Şahdəniz” konsorsiumunun qərarını alqışlayıb

“Nabucco” konsorsiumu “Şahdəniz” konsorsiumunun qərarını alqışlayıb
# 28 iyun 2012 15:32 (UTC +04:00)
Bakı – APA-Economics. “Nabucco” konsorsiumu “Nabucco West” layihəsinin “Şahdəniz” konsorsiumu tərəfindən Azərbaycan qazını Mərkəzi Avropaya nəql edəcək ikinci variant kimi təsdiqlənməsini alqışlayır.

Konsorsiumdan “APA-Economics”ə verilən məlumata görə, “Nabucco Gas Pipeline International GmbH” şirkətinin direktoru Reynhard Mitçek açıqlamasında istehsalçılarla uğurlu əməkdaşlığa ümid etdiklərini bildirib.

“Bu qərar “Nabucco” layihəsi üçün mühüm hadisə və yekun investisiya qərarına doğru böyük bir addımdır. “Nabucco” qaz istehlakçılarına seçim azadlığı verir və Avropada qaz təchizatının təhlükəsizliyinə əhəmiyyətli töhfəsini verəcəkdir” – deyə R.Mitçek qeyd edib.

Qeyd edək ki, “Şahdəniz” konsorsiumu Azərbaycan qazının Avropaya ixrac variantı kimi bundan əvvəl Trans-Adriatik Boru Kəməri (TAP) layihəsini müəyyənləşdirib. Konsorsium bu iki layihə arasında öz yekun seçim qərarını 2013-cü ilin ortaları üçün planlaşdırılmış ikinci mərhələ layihəsinin yekun sərmayə qərarından əvvəl verəcək, həmçinin həmin vaxtadək müvafiq qaz satışı sazişləri də bağlayacaq.

Qeyd edək ki, 1999-cu ildə kəşf edilən “Şahdəniz” yatağı 1,2 trln. kubmetr qaz ehtiyatı ilə dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. “Şahdəniz” yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 25 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. “Şahdəniz” yatağını özünün “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişindəki (HPBS) tərəfdaşları adından BP şirkəti işlədir. HPBS-in iştirakçıları BP (operator - 25,5%), “Statoil” (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), “LUKoil” (10%), “Naftiran Intertrade Co.” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.

2011-ci ilin oktyabr ayında Türkiyənin “BOTAŞ” şirkəti və Türkiyə hökuməti ilə qaz satışı və tranziti sazişləri imzalanıb - bunların hamısı Azərbaycan və Türkiyə tərəfindən imzalanmış hökumətlərarası saziş çərçivəsindədir. Həmin tarixdən bəri Türkiyə ərazisindən potensial qaz nəqli üçün Trans-Anadolu (TANAP) boru kəməri layihəsinə mühəndis-texniki araşdırmalara başlamaq imkanı verən sazişlər imzalanıb. Hazırda qazın Avropaya daşınması üçün iki variant nəzərdən keçirilir ki, bunlar İtaliya marşrutu olan Trans-Adriatik (TAP) boru kəməri və Türkiyə-Avropa sərhədindən qazı Şərqi Avropadan keçməklə qərbə aparacaq “Nabucco” kəməridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR