Bank Of Baku

“Qoşadaş” strukturunda axtarış qazmasına başlanılıb

“Qoşadaş” strukturunda axtarış qazmasına başlanılıb
# 17 iyul 2012 15:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Xəzər” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi (keçmiş “Bayıl Limanı” DKQİ) “Qoşadaş” strukturunda 1 nömrəli axtarış quyusunun qazmasına başlayıb. ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, “Xəzər-6” özü qalxan üzən qazma qurğusu vasitəsilə Mezozoy (Təbaşir+Yura) horizontuna qazılan quyunun layihə dərinliyi 3500 metrdir. Axtarış quyusunun qazılmasında əsas məqsəd Mezo-Kaynozoy çöküntülərinin neft-qazlılıq perspektivliliyini qiymətləndirilmək, sahənin tektonikasını və litoloji-stratiqrafik kəsilişini dəqiqləşdirməkdir.

Qeyd edək ki, “Qoşadaş” strukturu Abşeron arxipelaqının şimal-qərb hissəsində, sahildən 15 km, Bakı şəhərindən 35-40 km məsafədə yerləşir. Burada dənizin dərinliyi 10-50 metr arasında dəyişir. 1957-1977-ci illərdə strukturda seysmik kəşfiyyat işləri aparılıb, ümumi dərinlik nöqtəsi üsulu ilə sahənin tektonikası öyrənilib. Aparılmış seysmik işlərin nəticələrinə və qonşu strukturların məlumatlarına əsasən strukturun tağ və tağa yaxın hissələrində məhsuldar qatın üst hissəsinin yuyulması, Qırməki altı lay dəstəsinin Miosen yaşlı çöküntülər üzərində yatması ehtimal olunur.

1989-cu ildə istismara verilmiş “Xəzər-6” qazma qurğusu vasitəsilə dənizin 10-70 metrlik hissəsində 6500 metr dərinliyə qədər qazma işi aparmaq mümkündür. “Qoşadaş” strukturunda 1 nömrəli axtarış quyusunun qazılması ilə əlaqədar olaraq, qurğuda əsaslı təmir işləri aparılıb və qurğu cari ilin may ayında qazma nöqtəsinə çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR