Bank Of Baku

ARDNŞ: “SOCAR Trading SA”, “Supra Holding Limited” və “SOCAR Black Sea” şirkətlərinin təsisçiləri arasında fiziki şəxs yoxdur və olmayıb

ARDNŞ: “SOCAR Trading SA”, “Supra Holding Limited” və “SOCAR Black Sea” şirkətlərinin təsisçiləri arasında fiziki şəxs yoxdur və olmayıb
# 19 iyul 2012 15:22 (UTC +04:00)
ARDNŞ-dan “APA-Economics”ə verilən açıqlamada bildirilir ki, son günlər şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi strateji layihələrin uğur qazanmasını, beynəlxalq miqyasda artan nüfuzunu gözü götürməyən bir sıra bədxah qüvvələr tərəfindən onun işgüzar nüfuzuna xələl gətirmək məqsədilə çoxdandır davam edən sistemli qarayaxma kampaniyası yenidən qızışdırılır. Bu kampaniyanın tərkib hissəsi kimi səriştəsiz, əsassız və qondarma “araşdırmalar” aparılır, həmin “araşdırmalar”ın heç bir tənqidə duruş gətirməyən saxta “nəticələri” siyasi maraqları ölkəmizin ümumi inkişaf xəttinə uyğun gəlməyən dairələrin xidmətində olan mətbuat orqanlarında yerləşdirilir və ictimai rəyi çaşdırmaq yolu ilə ARDNŞ-ın gün-gündən artmaqda olan beynəlxalq imicinə zərbə vurmaq məqsədi güdülür.

ARDNŞ bəyan edir ki, istər Azərbaycan ərazisində, istərsə də ayrı-ayrı xarici ölkələrdə həmin qüvvələrin çirkin niyyətləri həmişə olduğu kimi, ifşa olunacaq, beynəlxalq hüquq normaları çərçivəsində onlara qarşı adekvat tədbirlər görüləcək: “Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli neft-qaz layihələri çərçivəsində böyük uğurlara imza atmış ARDNŞ son illər beynəlxalq səviyyədə özünü güclü, müasir, rəqabətə davamlı bir qurum kimi tanıdaraq, dünya bazarına inamla daxil olmaqdadır. Azərbaycanda hasil olunan irimiqyaslı xam neft həcmlərinin dünya bazarına müstəqil şəkildə çıxarılması və ixracın çevikliyinin təmin edilməsi üçün 2007-ci ilin dekabrında İsveçrənin Cenevrə şəhərində ARDNŞ-ın ortaq treydinq şirkətinin - ”SOCAR Trading SA” şirkətinin təsis edilməsi bu baxımdan əlamətdar hadisə olub. Tarixdə ilk dəfə Azərbaycan dövlətinin mənafelərinə xidmət edən, qarşısında “Azeri Light” markalı neftin bazarlanması, dünya bazarında rəqabət qabiliyyətinin artırılması, son istehlakçılara çatdırılması, qeyri-Azərbaycan mənşəli xam neft və neft məhsullarının alqı-satqısı kimi olduqca mühüm məqsədlər qoyulan bu treyder şirkətinin məhz Cenevrədə yaradılması və 2008-ci ilin aprelindən fəaliyyətə başlaması təsadüfi deyildi. Cenevrə Avropadakı əsas işgüzar mərkəzlərdən biridir və neft sənayesi, maliyyə və bank sektorundakı bir çox əsas iştirakçıların baş ofis və nümayəndəlikləri məhz bu şəhərdə cəmləşib. ”SOCAR Trading SA” şirkətinin sonrakı uğurlu fəaliyyəti bu seçimin düzgün olduğunu sübut etdi. ARDNŞ-ın ortaq treyder şirkəti qısa müddətdə, cəmi 4 il ərzində qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlib, böyük beynəlxalq nüfuz qazanıb, fəaliyyət dairəsini genişləndirib”.

Açıqlamada daha sonra qeyd olunur ki, “SOCAR Trading SA” şirkətinin təsisçisi “Supra Holding Limited” şirkətidir ki, burada da ARDNŞ əvvəllər 50 faiz paya sahib olub, hazırda isə 80 faiz payın sahibidir: “Nə ”SOCAR Trading SA” şirkətinin, nə də onun təsisçisi olan “Supra Holding Limited” şirkətinin təsisçiləri arasında fiziki şəxs yoxdur və heç vaxt olmayıb. Qeyd etməliyik ki, bəzi mənbələrdə yanlış olaraq “SOCAR Trading SA” şirkətinin təsisçiləri kimi qələmə verilən fiziki şəxslər əslində həmin şirkətin İdarə Heyətinin üzvləridir. Onların bir qismi həmin şirkətdə, bir qismi isə ARDNŞ-da yüksək vəzifələr tutur və öz vəzifə fəaliyyətlərinə görə “SOCAR Trading SA” şirkətinin İdarə Heyətində təmsil olunurlar. “SOCAR Trading SA” şirkətinin baş icraçı direktorunun müavini Zaur Qəhrəmanova gəlincə, o, ümumiyyətlə, nəinki şirkətin təsisçisi, heç İdarə Heyətinin üzvü də deyil. Bu şirkətin idarə olunmasında iştirak edən şəxslərin məqsədyönlü şəkildə “təmsilçilər” kimi qələmə verilməsi “araşdırmaçı”ların səriştəsizliyinin və məsələyə qərəzli mövqedən yanaşdıqlarının göstəricisidir. “SOCAR Trading SA” şirkəti fəaliyyət dairəsini genişləndirmək məqsədilə dünyanın müxtəlif ölkələrində öz törəmə müəssisələrini də yaradıb və həmin müəssislər haqqında şirkətin İnternet saytında asanlıqla məlumat əldə etmək mümkündür. Treydinq əməliyyatlarının bu cür törəmə şirkətlər vasitəsilə həyata keçirilməsi beynəlxalq miqyasda qəbul olunmuş bir praktikadır.

“SOCAR Black Sea” şirkəti ARDNŞ-ın ixrac fəaliyyətlərinin genişləndirilməsi məqsədilə, neft məhsullarının Ukrayna ərazisinə çatdırılması üçün “SOCAR Trading SA” və Ukrayna şirkəti olan “ROSSİM” tərəfindən təsis edilib. Göründüyü kimi, bu şirkətin də təsisçiləri arasında fiziki şəxslər yoxdur”.

Sonda ARDNŞ-ın İsveçrədə yanacaqdoldurma məntəqələri şəbəkəsi alması ilə bağlı məqama toxunulur: “Nəhayət, geniş ictimaiyyətə yaxşı məlum olduğu kimi, ötən il ARDNŞ uğurlu bir alqı-satqı əməliyyatı həyata keçirərək, ABŞ-ın “ExxonMobile” şirkətinin İsveçrədəki bölməsi olan “Esso Schweiz GmbH” şirkətinin səhmlərinə sahib olub. Bu əməliyyatın həyata keçirilməsi məqsədilə 100 % ARDNŞ-a məxsus olan “SOCAR Energi Switzerland Holding SA” şirkəti yaradılıb. Başqa sözlə, təsisçi qismində SOCAR (ARDNŞ) çıxış edib. “Esso Schweiz GmbH” şirkətinə məxsus səhmlərinin alınması üzrə ödənişlər də ARDNŞ-a məxsus bank hesabından köçürmə vasitəsilə həyata keçirilib və bu, şirkətin maliyyə hesabatlarında öz əksini tapıb. Həmin alqı-satqı müqaviləsinə əsasən “SOCAR Energi Switzerland Holding SA” şirkətinin aktivinə keçmiş yanacaqdoldurma məntəqələri ərazisində yerləşən mağazaların idarə edilməsi məqsədilə qida məhsullarının pərakəndə satışı üzrə dünyada məşhur olan “Migros” şirkəti arasında alyans müqaviləsi imzalanıb. Həmin şirkətin bu sahədə özünü sübut etməsi “SOCAR Energi Switzerland Holding SA” şirkətinin bu yeniliyinin İsveçrə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmasına səbəb olub. İstər bu, istərsə də İsveçrədə ARDNŞ-nin həyata keçirdiyi investisiya layihələri haqqında digər məlumatlar “SOCAR Trading SA” şirkətinin veb-saytında yerləşdirilib və ictimaiyyət üçün tamamilə açıqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR