Bank Of Baku

«Azəri-Çıraq-Günəşli» layihəsi çərçivəsində indiyədək 280 mln. ton neft hasil olunub

«Azəri-Çıraq-Günəşli» layihəsi çərçivəsində indiyədək 280 mln. ton neft hasil olunub
# 20 sentyabr 2012 14:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar bloku layihəsi çərçivəsində hasilatın başlandığı gündən cari ilin avqustun sonunadək 280,1 mln. ton neft çıxarılıb.

AÇG-nin operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu il sentyabrın 15-dək Ceyhan terminalından (Aralıq dənizi, Türkiyə) 1 975 tanker AÇG nefti ilə yüklənib və dünya bazarlarına yola salınıb.

«AÇG-də hasilatın başlandığı vaxtdan 2012-ci ilin birinci yarısının sonunadək 26 mlrd. kubmetrdən artıq səmt qazı Azərbaycana təhvil verilib», - deyə şirkətdən bildirilib.

Bununla yanaşı, 2011-ci ilin sonunadək AÇG layihəsinə ümumilikdə 27 mlrd. ABŞ dollarından artıq sərmayə qoyulub.

Layihənin başlandığı vaxtdan (1994-cü il) 2011-ci ilin sonunadək AÇG layihəsi yalnız Azərbaycandakı davamlı inkişaf proqramlarına 14 mln. dollardan artıq vəsait xərcləyib.

Ümumiyyətlə, AÇG yatağında indiyədək 86 quyu qazılıb.

«AÇG layihəsi çərçivəsində 1 platforma («Çıraq-1») modernləşdirilib və 6 yeni platforma tikilib, dünyanın ən böyük neft və qaz terminallarından biri tikilib və Xəzərin dibində çox mürəkkəb sualtı boru kəmərləri şəbəkəsi yaradılıb. Çıraq Neft Layihəsi (ÇNL) ilə bağlı tikinti işlərinin aparıldığı bütün tikinti-quraşdırma sahələrində çox yaxşı irəliləyib və ümumilikdə iş həcminin 73,1%-i artıq tamamlanıb. Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahələrinin tarixində ilk dəfə olaraq «Qərbi Çıraq» platformasının quraşdırma işləri 100% ölkə daxilində həyata keçirilir. ÇNL tikinti işlərinə hazırda podratçı şirkətlər vasitəsilə bütün tikinti sahələrində ümumilikdə 5 500-dən artıq işçi cəlb olunub ki, bunların da 90%-i Azərbaycan vətəndaşlarıdır», - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator – 35,78%), Azərbaycan Dövlət Neft Şirkəti (11,65%), «Chevron» (11,27%), «Inpex» (10,96%), «Statoil» (8,56%), «ExxonMobil» (8%), TPAO (6,75%), «Itochu» (4,3%) və «Hess» (2,72%) şirkətləri iştirak edir. AÇG-də neft hasilatına 1997-ci ildə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR