Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müəyyənləşib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərarla elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik şəbəkələri ətrafında mühafizə zonalarının (torpaq sahələri, su və hava məkanı) ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müəyyən edilib.
Elektrik şəbəkələrinin mühafizəsi ötürücü şəbəkəyə münasibətdə ötürücü sistem operatoru tərəfindən, paylayıcı şəbəkəyə münasibətdə isə paylayıcı sistem operatoru (sistem operatoru) tərəfindən təmin edilir. Elektrik şəbəkələrinin tikintisi, genişləndirilməsi, yenidən qurulması, təmiri və istismarı məqsədilə torpaq sahələri üzərində hüquqlar torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq əldə edilir. Mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər. Bu Tələblərdə istifadə olunan anlayışlar Qanunda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
Elektrik şəbəkələrinin mühafizə zonaları elektrik verilişi xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində yer səthinə proyeksiyasından hər iki tərəfə bu Tələblərdə müəyyən edilən məsafələrdə şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi, su və hava məkanı şəklində müəyyən edilir. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir:
- gərginliyi 1000 voltadək hava elektrik verilişi xətləri üçün – 2 metr;
- 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün – 10 metr;
- 35 kV-luq hava elektrik verilişi xətləri üçün – 15 metr;
- 110 kV-luq hava elektrik verilişi xətləri üçün – 20 metr;
- 150-220 kV-luq hava elektrik verilişi xətləri üçün – 25 metr;
- 330-500 kV-luq hava elektrik verilişi xətləri üçün – 30 metr
Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə özünüdaşıyan izolyasiyalı naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir:
- gərginliyi 1000 voltadək hava elektrik verilişi xətləri üçün – 1 metr;
- 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün – 2 metr;
- 35 kV-luq hava elektrik verilişi xətləri üçün – 4 metr;
- 110 kV-luq hava elektrik verilişi xətləri üçün – 6 metr.
Göstərilənlərdən əlavə, elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə aşağıdakı kimi müəyyən edilir:
- yeraltı kabel elektrik verilişi xətləri boyunca kənar kabellərin hər iki tərəfindən 1 metr aralıda, həmin xətlər yaşayış məntəqələrində səkilərin altından keçdikdə isə bina və qurğulara doğru 0,6 metr aralıda və küçənin hərəkət hissəsinə doğru 1 metr aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi;
- sualtı kabel elektrik verilişi xətləri boyunca kənar kabellərin hər iki tərəfindən 100 metr aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan, suyun səthindən dibinə qədər olan su boşluğu sahəsi;
- hava elektrik verilişi xətlərinin su hövzələrindən (o cümlədən çaylar, kanallar, göllər) keçidi boyunca gəmiçilik üçün yararlı hövzələrdə kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən 100 metr aralıda yerləşən şaquli müstəvilərlə məhdudlaşan su hövzəsinin səthindəki hava məkanı, gəmiçilik üçün yararlı olmayan hövzələrdə isə bu Tələblərdə nəzərdə tutulmuş məsafələr.
Müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər:
- gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılması;
- hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (o cümlədən dənizdə, çayda, göldə), dibdərinlətmə, yerqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, bağlar üçün dayaqların quraşdırılması və kənd təsərrüfatı bitkilərinin suvarılması;
- dəmir yollarının, avtomobil yollarının, boru kəmərlərinin, rabitə xətlərinin, digər kommunikasiya qurğularının və başqa elektrik şəbəkələrinin layihələndirilməsi, tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi;
- elektrik şəbəkələrinin mühafizə zonalarının altındakı torpaq sahələrində həmin sahələrin müvəqqəti subasması ilə əlaqədar işlərin görülməsi;
- sualtı kabel elektrik verilişi xətlərinin mühafizə zonalarında gəmilərin, barjların və üzən kranların dayanması üçün körpülərin tikintisi, lövbər atılması, ov sahələrinin ayrılması, su bitkilərinin əldə edilməsi, yığılması, məhv edilməsi və heyvanların suvarılması üçün suvatların qurulması;
- hava elektrik verilişi xətlərinin mühafizə zonalarından ümumi hündürlüyü yol səthindən 4,5 metrdən artıq olan maşın və mexanizmlərin keçməsi;
- yeraltı kabel elektrik verilişi xətlərinin mühafizə zonalarında 0,3 metrdən artıq, şumlanan torpaqlarda isə 0,45 metrdən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.
Mühafizə zonalarında işlərin təhlükəsiz görülməsinin təmin edilməsi mümkün olmadıqda sistem operatoru tərəfindən həmin xətdən gərginlik götürülməlidir. Hava elektrik verilişi xətlərinin mühafizə zonalarında yerləşən yaşıllıqların budanması və götürülməsi (kəsilməsi) işləri “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla aparılmalıdır.
Sistem operatoru təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə və ya məlumatlara Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın və bu Tələblər nəzərə almaqla, ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günündən gec olmayaraq elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılmasına razılıq verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Ərizəçi elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılması ilə bağlı sistem operatorunun qəbul etdiyi inzibati aktla razılaşmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər.