Bank Of Baku

Heydər Əliyevin reallaşan arzusu

Heydər Əliyevin reallaşan arzusu
# 30 may 2023 08:00 (UTC +04:00)

İqtisadiyyatın inkişafında nəqliyyat infrastrukturu resurslar, elmi və texnoloji potensial qədər mühüm rol oynayır. Zamanın tələblərinə cavab verən müasir nəqliyyat infrastruktur qurulmadan davamlı iqtisadi inkişafdan, sosial rifaha nail olmaqdan danışmaq mümkün deyil.

Uzaqgörən, müdrik siyasətçi olan Ümummilli lider Heydər Əliyev hələ sovetlər dönəmində Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafını hər zaman diqqət mərkəzində saxlayıb. 1970–1982–ci illərdə ölkəmizdə baş dəmir yollarının istismar uzunluğu 181,1 kilometrdən 1903 kilometrə, elektrikləşdirilmiş dəmir yollarının uzunluğu 794 kilometrdən 1111 kilometrə, stansiya yollarının ümumi uzunluğu 954 kilometrdən 1343,5 kilometrə çatıb. 1970-1982-ci illərdə dəmir yolunda yük dövriyyəsi 10 min 917 milyon ton artaraq 35 min 510 milyon ton, sərnişin dövriyyəsi isə 581 milyon sərnişin artaraq 2257 milyon sərnişin olub. O cümlədən avtomobil nəqliyyatının infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər sayəsində 1970-1982-ci illərdə avtomobillə yük dövriyyəsi 4824 milyon ton və ya 2,3 dəfə artıb. Oxşar mənzərə, hava və su nəqliyyatında da müşahidə edilib, hər iki növ üzrə sərnişin və yük daşınması, eləcə də dövriyyəsində ciddi artımlara nail olunub.

Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Sov. İKP MK Siyasi Bürosunun üzvü vəzifələrində çalışdığı illərdə Baykal-Amur Magistralının (BAM) tikintisində xüsusi xidmətləri də heç zaman unudulmayıb, 15 il əvvəl . Baykal-Amur magistralında Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının ümummilli Liderinin adı verilib.

“Əsrin müqaviləsi” ilə Azərbaycanın iqtisadi inkişafının bazisini formalaşdırmağa nail olan Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən sonra TRASECA Proqramı (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) çərçivəsində ardıcıl şəkildə icra olunan proqram və layihələr nəticəsində milli nəqliyyat sisteminin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Bu Proqram çərçivəsində Avropa İttifaqı tərəfindən Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin inşası və müasir infrastruktur təminatının formalaşdırılması məqsədilə 20 milyon avro həcmində dəstək verilib. Beynəlxalq maliyyə təşkilatları ilə qarşılıqlı əməkdaşlıq edilərək TRASECA Proqramında nəzərdə tutulan layihələrin reallaşdırılması üçün 255 milyon dollar kredit cəlb edilib. Təsadüfi deyil ki, TRASECA Proqramının Daimi Katibliyi də Bakı şəhərində yaradılıb.

Bir sözlə, Ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə atılan addımlar, görülən işləri təhlil edildikdə böyük mənzərə üzə çıxır və aydın olur ki, əsas məqsəd Azərbaycanı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağına çevirmək olub.

Ümummilli liderin layiqli davamçısı

Heydər Əliyevin bu arzularını onun layiqli davamçısı Prezident İlham Əliyevin artıq reallaşdırdığı göz önündədir. Azərbaycan Prezidentinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması istiqamətində ortaya qoyduğu iradə bunun birmənalı sübutudur. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngidib. ABŞ və Avropa İttifaqı Ermənistandan kənar keçdiyinə görə layihəyə qarşı çıxıblar və tikintinin maliyyələşdirilməsindən imtina ediblər. ABŞ və Avropa İttifaqı Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməsi əvəzinə Qars-Gümrü-Tbilisi dəmiryolu xəttinin açılmasını vacib sayırdı. Məhz Prezident İlham Əliyevin qətiyyəti və iradəsi, dahi uzaqgörənliyi sayəsində bu layihənin reallaşdırılmasına başlanıldı. Dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini Azərbaycan öz üzərinə götürdü, Azərbaycan Gürcüstana ildə 1% faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit ayırdı. 2007-ci il noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyuldu. Beləliklə, dünyanın ən böyük nəqliyyat infrastrukturu layihələri sırasında yer alan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və dəmir iradəsi ilə həyata keçirildi. Artıq 5 ildən çoxdur istifadəyə verilən BTQ qitələrarası daşınmalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələrin, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edib. BTQ dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və rahat yol olub yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın da Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilir. Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasına bu dəmir yolunun önəmini artıq izah etməyə belə ehtiyac yoxdur. Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizi əvəzolunmaz tranzit mərkəzinə çevirib. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu, Orta Dəhlizi, Şərq-Qərb Beynəlxalq Nəqliyyat Mapşrutunu artıq Bakı-Tbilisi-Qars dəmir yolu olmadan təsəvvür etmək belə mümkün deyil. Rusiya-Ukrayna müharibəsi fonunda iqtisadi baxımdan ən faydalı, eyni zamanda ən təhlükəsiz marşrutun tərkib hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinin daha da artdığı birmənalıdır. İndi də məhz Azərbaycanın dəstəyi ilə 2017-ci ildən ilkin olaraq istifadəyə verilmiş dəmir yolu xəttinin Gürcüstanda çətin relyefli dağlıq və meşəlik ərazidən keçən Marabda-Kartsaxi sahəsində təmir-bərpa işlərinə başlanılıb, onun buraxıcılıq gücünün artırılması və hərəkətin təhlükəzliyi baxımından tədbirlər həyata keçirilir. ‘’Azərbaycan Dəmir Yolları’’ QSC-dən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik sahəsində təmir-bərpa, rekonstruksiya və tikinti işlərini sürətləndirmək və layihənin qısa müddətdə başa çatdırılması üçün yeni podratçıları da cəlb edib. Hazırda aparılan cari işlər nəticə etibarı ilə Çin və Orta Asiyadan daha çox yükün qəbul edilərək Avropaya çatdırılmasında önəmli rol oynayacaq. Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması Bakı-Tbilisi-Qars dəmir yolunun regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da önə çıxarır.

Xəzəri körpüyə çevirən lider

Bu aspektdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ərsəyə gələn Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksini də xüsusi qeyd etmək lazımdır. Çünki 30-cu illərində tikilən Bakı Dəniz Ticarət Limanı da günün tələblərinə cavab vermirdi . Bakının mərkəzində yerləşən əvvəlki liman sakinlər üçün problemlər yaradır, bulvarın genişləndirilməsinə də mane olurdu. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı müvafiq Sərəncama uyğun olaraq limanın Baş planı və layihəsi hazırlanıb, 2010-cu il noyabrın 3-də Prezident İlham Əliyev yeni limanın təməlini qoyub, 14 may 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub.

Layihənin birinci mərhələsi çərçivəsində bərə terminalı, quru yük terminalı, konteyner sahəsi, giriş-çıxış kanalı, avtomobil və dəmir yolları, eləcə də digər qurğular, infrastruktur obyektləri və binaların tikintisinə başlanıldı. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır.

Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən və 4 hektara yaxın ərazidə tikilən Ələt terminalı ölkəmizin nəqliyyat-tranzit və logistika imkanlarını daha da artıracaq. Limanın akvatoriyasında dərinləşdirmə işlərini Hollandiyanın “Van Oord” şirkəti həyata keçirib. Həmin qurum tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olunub. Bu isə Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasına imkan verir.

Ötən dövrdə bu liman vasitəsilə yüklərin daşınması sürətlə artdı və hazırda bu limanda yükaşırma imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər həm Avropada, həm də Çin başda olmaqla Asiyada səbirsizliklə izlənir.

Məhz uzaqgörən, dahiyanə strategiyanın nəticəsidir ki, bu gün Azərbaycan dünyada iki beynəlxalq nəqliyyat marşrutunun keçdiyi nadir ölkələr sırasındadır. Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Asiya və Avropa arasında həlledici ölkəyə çevrilib, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağı, aparıcı ölkəsidir. Ən əsası isə Azərbaycanın təşəbbüsləri son nəticədə Xəzər üzərindən həm də türk dövlətlərini birləşdirən bir arteriya yaradır. Digər tərəfdən, 44 gün davam edən Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycanın tranzit ölkə kimi potensialını daha da artırıb. Zəngəzur dəhlizinin açılması Azərbaycanın dünyada rolunun daha da artmasını şərtləndirəcək. Zəngəzur vasitəsilə Naxçıvandan Türkiyəyə, oradan isə daha geniş coğrafiyaya çıxış mümkündür. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz vasitəsilə daşınma imkanları daha da genişlənəcək.

Tarixi faktları, statistik göstəriciləri sadalamağa ehtiyac duyulmadan artıq birmənalı demək olar ki, əsası Ümummilli lider tərəfindən qoyulan nəqliyyat strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyev tarixdə həm də Azərbaycanı beynəlxalq nəqliyyat marşrutlarının qovşağına çevirməyi bacarmış lider kimi yerini alıb.

Qeyd: Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunmaq üçün hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR