Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) milli enerji şirkətinə çevrilməyi hədəfləyir.
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə SOCAR vitse-prezidentinin müavini Teymur Quliyev deyib.
Teymur Quliyev bildirib ki, bugün SOCAR daha çox ənənəvi neft və qaz şirkətidir: "Ancaq növbəti 10 ildə məqsəd qoymuşuq ki, SOCAR böyük milli enerji şirkətinə çevrilsin və 2050-ci ildə artıq yerli, regional deyil, qlobal miqyasda enerji təhlükəsizliyinə və iqlim davamlılığına töhfə verən enerji şirkəti olaq. Bizim hdəflərimiz yalnız 2050-ə qədər deyil, ortamüddətli hədəflərimiz də var”.
SOCAR vitse-prezidentinin müavini qeyd edib ki, SOCAR artıq öz emissiyalarının bir hissəsini dronlar və peyklərin köməyi ilə ölçməyə başlayıb: "Əsasən də dənizdə olan neft-qaz platformaları və uzun məsafəli borularda emissiyaların əl alətləri ilə ölçülməsi effektivsiz, praktiki mənada mümkünsüzdür. Dron və peyk avadanlıqlarından istifadə bu prosesləri xeyli asanlaşdırılıb, xərclər azaldılıb".