Bank Of Baku

“Nabucco West” layihəsi Bolqarıstan, Rumıniya, Avstriya və Macarıstanın qaza olan tələbatının 50%-ni ödəyəcək

“Nabucco West” layihəsi Bolqarıstan, Rumıniya, Avstriya və Macarıstanın qaza olan tələbatının 50%-ni ödəyəcək
# 05 iyun 2013 13:11 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında “Nabucco Pipeline International GmbH” konsorsiumunun idarəedici direktoru Reynhard Mitçek deyib.

 

Onun sözlərinə görə, “Nabucco West” layihəsi Azərbaycan qazının Avropaya nəqli üçün “Şahdəniz” konsorsiumu tərəfindən seçilərsə, 2014-cü ildə kəmərin tikintisi üçün hazırlıq mərhələsi başlayacaq: “Kəmərə ilk qaz isə 2018-ci ilin sonu - 2019-cu ilin sonunda daxil olacaq”.

 

R.Mitçek qeyd edib ki, bu ilin sentyabr ayında layihə ilə bağlı yekun investisiya qərarının, oktyabr ayında isə “Şahdəniz” üzrə yekun investisiya qərarının qəbul edilməsi gözlənilir. O, əmin olduğunu bildirib ki, konsorsium məhz “Nabucco West” layihəsinə üstünlük verəcək: “Bu layihənin reallaşdırılmasından Qərbi Balkan ölkələri, Çexiya, Polşa, Ukrayna, Fransa faydalana bilər. TAP layihəsi isə bu qədər sayda ölkəni əhatə etmir”.

 

Bununla belə, R.Mitçek etiraf edib ki, “Nabucco West” layihəsi Rusiya qazını tam əvəzləyə bilməyəcək: “Rusiya qazı gələcəkdə də Avropaya enerjidaşıyıcılarının nəqlində əsas elementlərdən biri olacaq. Amma bizim məqsədimiz bu yox, rəqabətqabiliyyətliliyi inkişaf etdirmək və istehlakçı üçün seçim imkanı yaratmaqdır. “Nabucco West” layihəsi 4 ölkənin – Bolqarıstan, Rumıniya, Avstriya və Macarıstanın enerji tələbatının yarısını ödəməyə imkan verəcək”.

 

Qeyd edək ki, «Şahdəniz» konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı yataqdan hasil edilən qazı Avropaya daşımaq təklifi vermiş iki boru kəməri konsorsiumu - «Nabucco» Qaz Boru Kəməri («Nabucco Gas Pipeline International») və TransAdriatik Boru Kəməri (TAP) arasında seçim edəcək və iyunun sonunda qərarını açıqlayacaq. «Şahdəniz-II» layihəsi Cənub Qaz Dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. «Şahdəniz-II» layihəsinin Mərhələ 1-dən olan ildə təqribən 9 mlrd. kubmetr qaza ildə 16 mlrd. kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir.

 

Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən «Şahdəniz» yatağının ikinci mərhələdə işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 km uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə ildə 16 mlrd. kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. «Şahdəniz» qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR