Moskva. Fərid Əkbərov - APA. Yaxın gələcəkdə Türkiyə Rusiyadan ən çox təbii qaz alan ölkə olacaq.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bildirib.
Onun sözlərinə görə, indiyədək Rusiyadan ən çox qazı Almaniya alır: “Artıq Türkiyə Almaniyanı ötüb keçmək üzrədir. Türkiyənin Rusiyadan təbii qaz almasında 20% artım gözlənilir. Bu da onu göstərir ki, yaxın gələcəkdə bizim ən böyük idxalçımız Türkiyə olacaq”.
A.Miller 2013-cü ilin ilk yarısında “Qazprom”un qaz ixracatının keçən illə müqayisədə (MDB ölkələri istisna olmaqla) 10% artdığını söyləyib: “2012-ci ilik ilk yarısında Avropa ölkələrinə qaz ixracı çətin dövrünü yaşayıb. İlin ikinci yarısından isə Avropa ölkələrinə ixracatımız artmağa başlayıb”.
Avropanın sıxılmış təbii qaz bazarında paylarının 28%-dən 21%-ə düşdüyünü söyləyən “Qazprom” rəhbəri bildirib ki, Avropa ölkələri qazı birinci əldən ucuz qiymətə almaq istəyirlər: “Ona görə də təbii qaz kəmərləri ilə ixracat artır. Bu ilin ilk yarısının göstəricilərinə diqqət yetirsək, Türkiyə və Avropa ölkələrinə illik satışın 160 mlrd. kubmetrə çatacağını deyə bilərik. Rusiya keçən il 151 mlrd. kubmetr təbii qaz satşı gerçəkləşdirib”.