Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi dövlət qəbul komissiyasından keçərək istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qazın verilişinin təmin olunması istiqamətində işləri davam etdirir.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ildə Birlik hüquqi və fiziki şəxslərin müraciətlərini nəzərə alaraq, dövlət qəbul komissiyasından keçmiş və müvafiq istismara qəbul aktı almış 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib. «Azəriqaz» 2013-cü ildə də bu istiqamətdə fəaliyyətini davam etdirir. Belə ki, təkcə cari ilin yanvar ayında 13 çoxmərtəbəli yaşayış binasına təbii qaz verilib. Bunların 8-i Bakı şəhəri, 5-i isə Mingəçevir şəhəri, Abşeron, Göyçay və Lerik rayonlarında yerləşir.