«APA-Economics»in məlumatına görə, bunu «BP-Azerbaijan» şirkətinin «Şahdəniz» işlənməsi layihəsi üzrə vitse-prezidenti Al Kuk bildirib.
Onun sözlərinə görə, konsorsium tərəfindən son 4 il ərzində Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində 10 varianta baxılıb: «Kifayət qədər mürəkkəb iş aparılıb və nəticədə «Şahdəniz» konsorsiumu TAP-ı seçim. Hesab edirəm ki, bu, olduqca düzgün seçimdir».
A.Kuk seçim meyarlarından danışarkən qeyd edib ki, TAP və «Nabucco West» layihələri arasında güclü kommersiya fərqi var. Bu fərq həm qazın satışı, həm də nəqletmədə əksini tapıb: «Ümumiyyətlə, TAP layihəsi seçilərkən 8 əsas meyara diqqət yetirilib ki, seçim həm kommersiya, həm də siyasi meyarlara əsaslanıb».
Xatırladaq ki, Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını bu gün rəsmən açıqlayıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihə ilkin olaraq 2,2 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. Lakin layihəyə nə qədər vəsait ayrılacağına dair yekun qərar 2013-cü ilin sonunadək qəbul olunacaq. TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq. Hazırda layihənin 3 səhmdarı var ki, bu, İsveçrənin «Axpo» (42,5%), Norveçin «Statoil» (42,5%) və Almaniyanın «E.ON Ruhrgas» (15%) şirkətləridir.