Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Xəzər dənizindəki «Bulla-dəniz» yatağında qəza baş vermiş özül təmizlənib, 90 saylı quyunun bağlanması üçün hazırlıq işləri aparılır.
Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Bulla-dəniz» yatağında qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Özül «Şirvan» və «Z.Hacıyev» kran gəmiləri vasitəsi ilə yanğın zamanı çökmüş qülləaltı postamentin elementlərindən başqa bütün avadanlıqlardan tam təmizlənib.
Məlumata görə, qəzanın aradan qaldırılması üzrə bundan sonra aparılacaq əməliyyatlarda iştirak etmək üçün ARDNŞ-in Təhlükəsizlik İdarəsinin Fontana qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin və Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı mütəxəssisləri ilə birlikdə bu sahədə böyük təcrübəyə malik «Boots & Coots International Well Control» (ABŞ) şirkətinin nümayəndələri də dəvət olunublar. Hadisə yerinə birgə baxış keçirilib və quyunun bağlanmasında «Qurban Abbasov» kran gəmisinin gücündən istifadə olunması qərarına gəlinib. Hazırda kran gəmisində müvafiq hazırlıq işləri görülür.
ARDNŞ-dən bildirilir ki, hava şəraiti imkan verən kimi işə başlanılacaq.