«Nabucco» konsorsiumdan «APA-Economics»ə verilən məlumata görə, Komitənin iclasına Rumıniya hökuməti rəhbərlik edib.
Layihəyə üzv ölkələrin hökumətləri daha sonra bəyan ediblər ki, onlar «Nabucco» boru kəməri layihəsi çərçivəsində Avropanın Cənubi və Mərkəzi-Şimali bölgələrini də qaz həcmləri ilə təchiz etmək üçün tələb olunan boru xətləri birləşmələrinin müəyyənləşdirilməsində iştirak etməyə hazırdır. İştirakçı-dövlətlər mayın 22-də Avropada daxili enerji bazarının formalaşdırılmasının tamamlanması mövzusunda toplantı keçirməyi planlaşdıran Avropa Şurasına müraciət edərək, Avropa səviyyəsində inkişaf və rəqabətə davamlılığı təşviq etmək üçün «Nabucco» kəmərinin yeni qaz mənbələrinə girişi təmin etmək baxımından böyük potensiala malik olduğunu qeyd etməyə çağırıb. Həmçinin, iştirakçı-ölkələr Avropa Komissiyasından layihəyə göstərilən lazımi tənzimləyici və texniki dəstəyi davam etdirməyi xahiş edib.
Bununla yanaşı, toplantı iştirakçıları apreldə Budapeşt şəhərində keçirilən sonuncu iclasdan sonra layihənin artan xətt üzrə inkişaf etdiyini və onun uğurlu icrasını təmin etmək üçün səlahiyyətli orqanlar tərəfindən tranzit ölkələrdə fəaliyyətləri müsbət qiymətləndirib. İştirakçılar «Nabucco» layihəsinin vergi məsələləri üzrə alt-komitəsinin layihəyə dair hökumətlərarası saziş üzrə vergi məsələlərini nizamlamaq cəhdlərini və bu saziş çərçivəsində vergi müddəalarının tətbiqi ilə bağlı ətraflı tövsiyələrini xüsusilə vurğulayıb. Belə ki, artıq iştirakçı-ölkələr vergi məsələləri ilə bağlı lazımi hüquqi akt və sazişləri öz yerli qanunvericilikləri çərçivəsində tamamlamaq üçün «Nabucco» Komitəsi daxilində ekspert bazasına malikdir.
Konsorsiumun maliyyə məsələləri üzrə direktoru Frank Sibert bildirib k, hər hansı layihəyə nağd maliyyə vəsaitlərinin axını məsələsinə gəldikdə, sərmayədarlara əvvəlcədən proqnozlaşdırmanın mümkünlüyü və sabitlik tələb olunur və «Nabucco» layihəsinin vergi məsələləri üzrə alt-komitəsinin tövsiyələri sayəsində bu əsas amilə nail olmaq mümkün olub.
Bəyannamədə «Nabucco» və TANAP (Trans Anadolu Boru Kəməri) layihələrinin bir-birini qarşılıqlı şəkildə tamamlaması xüsusilə vurğulanır və TANAP-ın reallaşdırılması istiqamətində həm Türkiyə, həm də Azərbaycanın səlahiyyətli orqanları tərəfindən əldə olunan irəliləyiş müsbət qiymətləndirilir. Toplantıda hər iki ölkənin nümayəndə heyəti də iştirak edib. Bu yaxınlarda isə hər iki layihənin reallaşdırılması çərçivəsində səmərəli əməkdaşlığı təmin etmək üçün «Nabucco» və TANAP layihələri arasında anlaşma memorandumu imzalanıb.
«Biz «Nabucco» Komitəsinin Budapeştdə keçirilən toplantısından sonra bir neçə əsas mərhələyə nail ola bilmişik. Belə ki, Bolqarıstan «Nabucco»nun tikintisi üçün ekoloji icazəni təqdim edən ikinci ölkə olub və potensial istifadəçilərlə danışıqların aparılması və müqavilələrin imzalanması prosesinin qeydiyyat mərhələsinə gözlədiyimizdən daha artıq iştirak payları ilə start vermişik. Həmçinin, milli tənzimləyici orqanlar «Şahdəniz» yatağından qazın proqnozlaşdırılan hasilatı üzrə vaxt cədvəllərinə uyğun olaraq üçüncü tərəflərin boru kəməri ilə ötürülən həcmlərdən istifadə etməsinə dair Avropa İttifaqı qanunvericiliyi çərçivəsində «Nabucco» boru kəməri layihəsinin imtiyaz (azad olunma) müddətinin uzadılmasını təsdiq edib və Cənub-Şərqi Avropa bazarlarına ən qısa marşrut olan «Nabucco» kəməri Cənubi Qaz Dəhlizinin açılması üçün ən yaxşı seçim variantı olaraq qalır», - deyə Konsorsiumun icraçı direktoru Reynhard Mitçek bildirib.