«Nabucco» konsorsiumundan «APA-Economics»ə verilən məlumata görə, Avstriya, Macarıstan, Rumıniya və Bolqarıstanın milli tənzimləyici orqanları layihə variantında hazırlanmış qərar vasitəsilə təsdiq ediblər ki, üçüncü tərəflərin boru kəməri ilə ötürülən həcmlərdən istifadə etməsinə dair Avropa İttifaqının qanunvericiliyi çərçivəsində «Nabucco» kəməri layihəsinin 50%-lik cari imtiyaz (azad olunma) müddəti uzadılır. «Bu müddətin uzadılması «Şahdəniz» yatağından qazın proqnozlaşdırılan hasilatı üzrə vaxt cədvəllərinə uyğundur», - deyə məlumatda bildirilir.
Həmçinin bildirilir ki, 4 ölkənin tənzimləyici orqanları bu qərar vasitəsilə təsdiq ediblər ki, onlar «Nabucco» layihəsi üzrə hökumətlərarası saziş, layihəyə dəstək sazişləri və imtiyazlardan ibarət normativ-hüquqi bazanı dəstəkləyir. Layihədə birbaşa iştirak etməyən şirkətlərin şəbəkədən 100% istifadə hüquqlarını nəzərdə tutan cari Aİ qanunvericiliyindən azad olunma imtiyazı yalnız iri ölkələrarası layihələr çərçivəsində tətbiq oluna bilər.