Yatağın işlənməsi layihəsinin operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, Cənub Qaz Dəhlizinin həyata keçməsində növbəti mühüm bir addımdır: «Bu konsorsiumlar «Nabucco» Qaz Boru Kəməri («Nabucco Gas Pipeline International») və TransAdriatik Boru Kəməri (TAP) – 2013-cü ilin mart ayının sonunda qazın nəql edilməsi ilə bağlı öz ilkin təkliflərini təqdim edəndən bəri «Şahdəniz» konsorsiumu ilə geniş danışıqlar aparır».
Həmin təkliflər artıq onların səhmdarları tərəfindən təsdiq olunub və beləliklə, son və hüquqi öhdəlik yaradan təkliflərə çevrilib. Bundan başqa, «Şahdəniz» konsorsiumu Avropa ərazisində 15-dən artıq müxtəlif qaz alıcısından ildə 30 mlrd. kubmetrdən çox qaz satışı təklifi də alıb. Boru kəməri variantlarının kommersiyalılığını və müvafiq bazarları müəyyənləşdirmək məqsədilə qaz satışı təkliflərinə nəqletmə təklifləri ilə yanaşı baxılacaq.
«Nabucco Gas Pipeline International» və TAP Mərkəzi və Cənubi Avropadakı bazarlara ildə 10 mlrd. kubmetr qaz daşımağı təklif edir. «Şahdəniz» konsorsiumu hazırda bu təkliflərin qiymətləndirilməsini yekunlaşdırmaq üzrədir.
Qeyd edək ki, «Şahdəniz-II» layihəsi Cənub Qaz Dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. «Şahdəniz-II» layihəsinin Mərhələ 1-dən olan ildə təqribən 9 mlrd. kubmetr qaza ildə 16 mlrd. kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir.
Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən «Şahdəniz» yatağının ikinci mərhələdə işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 km uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə ildə 16 mlrd. kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. «Şahdəniz» qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək.