Bakı – APA-Economics. Rusiyanın «Sakhalin Energy Investment Company Ltd.» («Sakhalin Energy») şirkəti bu gün Bakıda (Baku Expo Center) işə başlayan XX Beynəlxalq Xəzər Neft-Qaz Sərgisində (Caspian Oil & Gas) iştirak edir.
«APA-Economics»ə məlumatına görə, «Sakhalin Energy» iyunun 7-dək davam edəcək sərgidə öz stendi ilə təmsil olunub.
Sərgidə iştirak etməkdə məqsəd vakant vəzifələrə ən azı 5 il iş təcrübəsinə malik texniki mütəxəssislər tapmaqdır. Vakansiyalarla şirkətin veb-saytının «Vakansiyalar» bölümündə tanış olmaq mümkündür. Həmçinin, şirkət haqqında video-çarxla tanış olmaq mümkündür: «Sərgiyə gəlin və şirkətimizin nümayəndələri ilə görüşün, sizi maraqlandıran sualları verin, istəsəniz, hətta müsahibədə də iştirak edə bilərsiniz».
Qeyd edək ki, 1994-cü ildə yaradılan «Sakhalin Energy» şirkəti Rusiya Federasiya ilə imzalanan sazişə əsasən «Saxalin-2» layihəsini həyata keçirir. Layihə Oxot dənizinin şelfində yerləşən Piltun-Astox neft yatağı və Lunsk qaz yatağının işlənməsini nəzərdə tutur. 2007-ci ilin aprel ayından etibarən layihədə «Qazprom» şirkətinin payı 50%+1 səhm, «Shell»in - 27,5%, «Mitsui»nin - 12,5%, «Mitsubishi»nin payı isə 10% təşkil edir.