Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev «Statoil» şirkətinin vitse-prezidenti Tim Dodsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, R.Abdullayev «Statoil» şirkəti ilə ARDNŞ arasında uzunmüddətli əməkdaşlıq münasibətlərindən söz açıb, bu əməkdaşlığın qarşıdakı illərdə daha da genişlənəcəyinə əminliyini bildirib.
Ölkədə həyata keçirilən enerji layihələrindən danışan şirkət prezidenti Xəzər hövzəsindən hasil olunan neftin və qazın dünya bazarlarına şaxələndirilmiş marşrutlar üzrə çıxarılmasına imkan verən ixrac neft və qaz kəmərləri sisteminin qısa müddətdə yaradıldığı və uğurlu fəaliyyəti haqqında məlumat verib və bildirib ki, son illər «Şahdəniz», «Azəri-Çıraq-Günəşli» (AÇG) layihələri çərçivəsində və ARDNŞ-ın müstəqil işlədiyi yataqlarda görülən tədbirlər nəticəsində Azərbaycan böyük nailiyyətlər əldə edib.
Öz növbəsində, «Statoil» şirkətinin vitse-prezidenti T.Dodson təmsil etdiyi şirkətin Azərbaycandakı fəaliyyətindən danışıb və şirkətin Azərbaycanda yeni layihələrdə iştirakı perspektivlərini qeyd edib. Görüşdə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyi bildirilib.
Tərəflər görülən işlərlə bağlı fikir mübadiləsi aparıb, qarşıda duran vəzifələrdən danışıb.
Qeyd edək ki, Norveçin «Statoil» şirkəti AÇG yataqlarının işlənməsi layihəsində (8,56% pay ilə) iştirak edir və «Şahdəniz» layihəsində 25,5% paya malik olan kommersiya operatoru qismində çıxış edir. Eyni zamanda, şirkət Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərlərində müvafiq olaraq 25,5% və 8,71% paya malik olan səhmdarlar sırasına daxildir.