Bakı-APA. ABŞ-ın ətraf mühit və enerji məsələləri üzrə ixtisaslaşan “E&E Publishing” agentliyi tərəfindən iyulun 1-də “Cənub Qaz Dəhlizi mübarizəsində qalib məlum olur” başlıqlı məqalə yayılıb. Bleyk Sobçakın (Blake Sobczak) müəllifi olduğu bu məqalədə Xəzər regionunu Avropaya birləşdirən Cənub Qaz Dəhlizi və xüsusilə Şahdəniz konsorsiumu tərəfindən seçilmiş Trans-Adriatik qaz kəməri (TAP) haqqında məlumat verilir və layihənin gələcək perspektivlərinə dair dəyərləndirmə əks olunur. Bu barədə APA Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat yayır.
Məqalədə BP neft şirkətinin regional direktoru Qordon Bireldən sitat gətirilərək, TAP-ın seçilməsinin “Şahdəniz II” layihəsinin icrasında irəliyə doğru mühüm bir addım olduğu açıqlanır. Eynilə Dövlət Departamentinin sözçüsü Patrik Ventrelin TAP qərarını Azərbaycan üçün mühüm bir mərhələ kimi alqışladığı göstərilir və ona istinadən, Cənub Qaz Dəhlizinin Avropanı qazla təchiz etməklə bərabər, qlobal enerji təhlükəsizliyi üçün mühüm bir töhfə təşkil etdiyi bildirilir.
Müəllif TAP tərəfdarlarının kəmərin keçdiyi dövlətlərlə yanaşı gələcəkdə qonşuluqda yerləşən Xorvatiya, Bolqarıstan, Bosniya və Herseqovina kimi ölkələrlə də qaz tədarük edə biləcəyinə dair mövqeyini işıqlandırır və eyni zamanda, Cənub Qaz Dəhlizinin Avropanın qaz ehtiyaclarının dörddə birini ödəyən Rusiyanın “Qazprom” şirkəti üçün bir təhdid təşkil etmədiyini yazır.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ilə müsahibəsindən çıxarışların da yer aldığı yazısında B.Sobçak səfirin Cənubi Qaz Dəhlizinin “Qazprom” kimi ağır çəkililərə qarşı çıxmaq məqsədi daşımadığına dair sözlərindən sitat gətirir. E.Süleymanova istinadən, məqalədə Azərbaycanın kiminlə isə birbaşa rəqabət aparmaq deyil, daha çox rəqabətli bazarda işləmək istədiyi qeyd olunur. Nəhayət müəllif səfirin “biz Qafqazı və Xəzəri Avropaya birləşdirmək istəyirik” ifadəsini vurğulayır.