Bakı. Kəmalə Quliyeva – APA. “Ermənistanın Metsamor AES-in ikinci enerji blokunun istismar müddətini uzatmaq niyyəti ölkə başçısı İlham Əliyevin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri ilə görüşündə sözügedən AES-in bağlanması barədə səsləndirdiyi tələblə bağlıdır”. Bu barədə APA-ya AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.
Onun sözlərinə görə, dünyada Metsamor AES kimi istismar müddəti başa çatmış 100-dək reaktor var: “Azərbaycanın tələbi odur ki, bu reaktorun ekstremal şəraitdə dözümlülüyü yoxlanılsın. Çünki belə situasiyada bu reaktorun necə işləyəcəyi barədə heç kəsin məlumatı yoxdur. Metsamor AES belə ekstremal situasiyada heç vaxt sınaqdan çıxmayıb. Azərbaycanın əsas narahatlığı da bundandır”.
A.Qəribov deyib ki, Metsamor AES-lə bağlı qərar vermək səlahiyyəti Ermənistana aid olsa da, hər hansı qəza baş verəcəyi halda təhlükə regional xarakter alacaq: “Azərbaycana ən çox təsir edəcək faktor Araz çayının çirklənməsidir. Çünki biz Araz çayından içməli su götürürük. Güman edirəm ki, Ermənistan kimi iqtisadi gücü aşağı olan bir ölkə 1000 meqavatlıq reaktorun təhlükəsi altına girməsi və işləməsi üçün zəmanət verməsi böyük bir səhv və region üçün təhlükədir”.