Bakı. Əli Əhmədov – APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağı hələ də dünyanın ən böyük neft-qaz yataqlarından biridir. Onun ehtiyatlarının həcmi 1 trln. kubmetr təşkil edir. «APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən beynəlxalq neft-qaz konfransındakı çıxışında «BP-Azerbaijan» şirkətinin «Şahdəniz» yatağının işlənməsi üzrə vitse-prezidenti Alasder Kuk bildirib.
Onun sözlərinə görə, 2007-ci ildə istifadəyə verilən «Şahdəniz» layihəsinin birinci mərhələsində ildə 9 mlrd. kubmetr qaz hasil edilir. «Şahdəniz-2» çərçivəsində isə illik hasilat 16 mlrd. kubmetrə çatacaq.
Yatağın işlənməsi ilə bağlı müşahidə olunan çətinliklər barədə məlumat verən A.Kuk bura yatağın məhsuldar laylarının bir neçə kilometr – dəniz səviyyəsindən 6 min metr dərinlikdə yerləşməsini, yüksək təzyiqin olmasını, qazın uzaq məsafələrə daşınması zərurətini və s. amilləri aid edib.