Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin şirkətin prezidenti Rövnəq Abdullayev Fransanın “Societe Generale” bankının Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrika regionları üzrə baş icraçı direktoru Slavomir Krupanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ARDNŞ prezidenti “Societe Generale” bankı ilə şirkət arasında uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulduğunu söyləyib, bu əməkdaşlığın qarşıdakı illərdə daha da genişlənəcəyinə əminliyini bildirib.
S.Krupa 15 illik əməkdaşlıq dövründə ARDNŞ tərəfindən daim yüksək etimad, dəstək və yardım gördüklərini vurğulayıb, “Societe Generale” bankı rəhbərliyinin bununla bağlı minnətdarlıq məktubunu Rövnəq Abdullayevə təqdim edib. ARDNŞ-ın Azərbaycanda aparılan sosial-iqtisadi proseslərin önündə getməsini yüksək qiymətləndirən S.Krupa şirkətin yaxın dövr üçün əsas perspektiv işlərindən olan Neft-Qaz Emalı və Neft Kimyası (NQNK) Kompleksi layihəsinin maliyyə məsləhətçisi kimi mandat almalarından qürur duyduqlarını bildirib.
NQNK kompleksi tikintisinin Azərbaycan iqtisadiyyatının ən böyük layihəsi olduğunu diqqətə çatdıran ARDNŞ prezidenti vaxt itirmədən dünyanın müxtəlif Exim-bankları ilə əlaqə yaradılmasının, lazımi danışıqların aparılmasının vacibliyini önə çəkib, bu sahədə Türkiyədə ARDNŞ-ın inşasına başladığı yeni neft emalı zavodunun təcrübəsindən yararlanmanın mümkünlüyünü qeyd edib. NQNK kompleksi layihəsi üzrə maliyyə məsləhətçisi kimi mandat aldıqları gündən bu istiqamətdə intensiv fəaliyyətə başladıqlarını deyən “Societe Generale” bankının qlobal rəhbərinin müavini və enerji layihələrinin maliyyələşdirilməsi üzrə idarəedici direktoru Olivye Muse bu layihə ilə məşğul olacaq işçi qrupa enerji sahəsi üzrə ən yaxşı mütəxəssislərin cəlb edildiyini bildirib. O, “Societe Generale” bankının bütün dünyada neft-qaz sənayesi sahəsində həyata keçirilən irihəcmli layihələrdə həm bankçılıq, həm məsləhət, həm də digər maliyyə xidmətləri göstərməsi haqqında ətraflı məlumat verib, qazandıqları təcrübədən NQNK kompleksi layihəsinin icrası zamanı yüksək səviyyədə istifadə edəcəklərini söyləyib. Fransa bankının nümayəndələri ARDNŞ tərəfindən Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən layihələrə böyük maraq göstərdiklərini ifadə edib.