Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili mərkəzində növbəti buraxılış imtahanları keçirilib.
“APA-Economics”in xəbərinə görə, imtahandan əvvəl ARDNŞ-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müşaviri Asif Şəfəqqətov və Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov test üsulu ilə keçirilən yekun imtahanların tam obyektiv keçirilməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıblar və bildiriblər ki, imtahanların nəticələrinə əsasən, şagirdlərin hər biri öz ixtisasına uyğun olaraq neft sektorunda daimi işlə təmin olunacaqlar.
Qeyd edək ki, ötən il test üsulu ilə keçirilmiş qəbul imtahanlarında uğur əldə etmiş 112 gənc mayın 1-dən 7 ixtisas - “texnoloji qurğuların təmiri çilingəri”, “texnoloji kompressor maşinisti”, “texnoloji qurğuların operatoru”, “ elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru”, “Nəzarət Ölçü Cihazları və Avtomatika üzrə çilingər”, ”elektrik qaz qaynaqçısı” və “neft və qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi” ixtisasları üzrə 10 ay müddətinə nəzəri və praktiki dərslərə cəlb olunub.
Nəzəri hissə tədris proqramının 30%-ni, praktiki və istehsalat təlimi isə 70%-ni təşkil edib. Şagirdlərə nəzəri hissədə əməyin mühafizəsi və təhlükəsizlik, texniki rəsmxətt, ilk tibbi yardım, kompüter texnologiyasının əsasları, elektrik təhlükəsizliyi və Azərbaycan qanunvericiliyinin əsasları ixtisasları üzrə kurslar tədris olunub. Təlim mərkəzində keçirilən dərslərin plan-proqramları müasir modul proqramlar əsasında tərtib olunub. Əvvəlki illərdən fərqli olaraq praktiki dərslərin 20%-i istehsalat müəssisələrində keçirilir. Praktiki hissəni bitirdikdən sonra tələbələr yekun nəzəri və praktiki test imtahanı verərək sifarişçi tərəfə istehsalat təcrübəsinə göndərilir. İstehsalat təcrübəsini bitirdikdən sonra istehsalat jurnalı ilə birlikdə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə müraciət edir və müsbət qiymət almış tələbələr yekun sınaq imtahanında iştirak edirlər.
Hazırda TTSİ-nin Kadr hazırlığının təşkili mərkəzində 2013-2014-cü tədris ilində yeni fəhlə kadrların hazırlanması ilə bağlı tələbə qəbuluna hazırlıq görülür və mərkəzdə yeni ixtisasların təşkili üçün (“neft və qaz hasilatı üzrə operator”, “defektoskopçu”, “kran maşinisti”) maddi-texniki baza yaradılır.