Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün İstanbulda strateji sərmayələrin təşviq edilməsinə dair Türkiyə Cümhuriyyətinin ilk vəsiqəsinin təqdim olunması mərasimi keçirilib.
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, Türkiyə və Azərbaycanın rəsmi şəxslərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə bildirilib ki, Türkiyə Böyük Millət Məclisində qəbul edilmiş yeni “Təşviq Qanunu” çərçivəsində bu ölkəyə sərmayə yatıran ən böyük şirkətlərə vəsiqələrin verilməsinə başlanılır.
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan ilk vəsiqənin ARDNŞ-a verildiyini elan edib və sənədi şirkətin prezidenti Rövnəq Abdullayevə təqdim edib. Nazir öz çıxışında 2010-cu ilin oktyabrın 25-də İzmirin Əliağa bölgəsində təməli qoyulmuş “STAR” Neft Emalı Zavodunun iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini ifadə edib. O, ARDNŞ-ın inşa edəcəyi bu zavodun “Petkim” Petrokimya Holdinqinin perspektiv inkişafı və Türkiyə iqtisadiyyatının daha da güclənməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“SOCAR-Turkey Enerji A.Ş.” müəssisəsinin rəhbəri Kənan Yavuz ARDNŞ-ın idarəçiliyində uğurlu fəaliyyət göstərən “Petkim” Petrokimya Holdinqinin genişlənməsi istiqamətində görülən tədbirlərdən danışıb və qeyd edib ki, ildə 10 mln. ton xam neft emal etmək gücünə malik yeni NEZ “Petkim”in xammaldan asılılığını aradan qaldıracaq, məhsuldarlığını və rəqabət gücünü bir neçə dəfə artıracaq. Onun sözlərinə görə, ARDNŞ-ın məqsədi Petkim yarımadasını Türkiyənin neft emalı, neft kimyası, enerji, logistika inteqrasiyasına sahib olan örnək bir istehsal kompleksinə çevirməkdir və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Azərbaycan təbii qazının Türkiyəyə, oradan da Avropa Birliyi ölkələrinə nəql edilməsi məqsədi ilə inşa olunacaq Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsindən söz açan K.Yavuz qeyd edib ki, bu layihə ilə birlikdə 2008-2018-ci illərdə ARDNŞ-nin Türkiyə iqtisadiyyatına yatırdığı investisiyanın ümumi həcmi 17 mlrd. dollara çatacaq ki, bununla da ARDNŞ Türkiyənin iqtisadi tarixində ən böyük real investor olacaq.