Bakı. Aynur Əliyeva – APA-Economics. ARDNŞ-ın “Neftqaztikinti” Trestinin Gürcüstan nümayəndəliyi Abaşa-Senaki qaz xəttinin 29 km-lik hissəsinin tikintisi layihəsi üzrə işləri başa çatdırıb.
ARDNŞ-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qaz xətti üzərində 3 siyirtmə qovşağı quraşdırılıb, elektrokimyəvi mühafizə işləri yerinə yetirilib. Trestin balansındakı ABŞ istehsalı olan “American Augers” markalı horizontal qazma maşını ilə qaz xəttinin çəkilişi magistral avtomobil yollarının altından horizontal qazma üsulu ilə xəndəksiz keçməklə davam etdirilib.
Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən “Neftqaztikinti” Trestinin Gürcüstan nümayəndəliyi qonşu respublikada neft-qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi, həmçinin infrastruktur layihələrinin icrası ilə məşğul olur. Nümayəndəlik bu günə kimi “Marneuli rayonunun Alqeti və Təzəkənd kəndlərinin orta təzyiqli qaz xətlərinin tikintisi”, “Saquramo-Kutaisi magistral qaz kəmərindən Kareli şəhərinin mərkəzinə kimi orta təzyiqli qaz xəttinin tikintisi”, “Marneuli rayonunun Didi Muqanlo kəndinin orta təzyiqli qaz xətlərinin tikintisi”, “Duşeti şəhərinin və yaxınlıqda yerləşən kəndlərin orta təzyiqli qaz xətlərinin tikintisi”, “Bolnisi rayonunun Faxralı kəndinin qazlaşdırılması” və s. işləri həyata keçirib.