Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Fransa Neft İnstitutunun rektoru Filip Pinşonu qəbul edib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, R.Abdullayev ölkələr arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb, Fransanın “Total” şirkətinin neft-qaz sektorunda Azərbaycanla əməkdaşlığa başlayan ilk xarici şirkətlərdən olduğunu xatırladıb.
“Total”, “Gas de France” və ARDNŞ arasında əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub, bu əməkdaşlığın nəticəsi kimi ötən il yeni qaz-kondensat yatağının kəşfi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanda Fransa təhsil sisteminə böyük maraq göstərilir və bu marağın ifadəsi kimi Azərbaycan və Fransa arasında imzalanmış dövlətlərarası sazişə əsasən Bakı Fransız liseyi təsis edilib. ARDNŞ Azərbaycan Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və Fransanın Azərbaycandakı səfirliyi ilə birlikdə Bakı Fransız liseyinin İdarəetmə Komitəsində təmsil olunur və bu məktəbin tikintisini həyata keçirir.
F.Pinşon bu gün Bakı Ali Neft Məktəbi ilə Əməkdaşlıq haqqında memorandum imzaladıqlarını və rəhbərlik etdiyi institutla BANM arasında əməkdaşlığın müsbət nəticələr verəcəyinə əmin olduğunu söyləyib. O, Fransa Neft İnstitutunda 27 azərbaycanlı tələbənin təhsil aldığını diqqətə çatdırıb və bunu ARDNŞ ilə “Total” arasında uğurlu əməkdaşlığın bəhrəsi kimi qiymətləndirib. “ExxonMobil”, BP, “Total” kimi neft şirkətləri ilə səmərəli əlaqələr qurduqlarını vurğulayan qonaq BANM ilə imzaladıqları əməkdaşlıq memorandumunun ARDNŞ ilə münasibətlərin inkişafında yeni mərhələ olacağını bildirib.
R.Abdullayev növbəti 10 ildə şirkətin xarici tərəfdaşlarla birlikdə və müstəqil olaraq həyata keçirəcəyi layihələrdən danışmış, bu uzunmüddətli və genişmiqyaslı layihələrdə müasir biliklərə yiyələnmiş, gənc mühəndis kadrlarına böyük ehtiyac olacağını vurğulayıb və bu ehtiyacı nəzərə alaraq ARDNŞ-nin son 6 ildə Azərbaycanın ali təhsil müəssisələri, eləcə də yüksək reytinqli xarici universitetlərlə birlikdə neft mühəndislərinin hazırlanması üzrə birgə iş apardığını qeyd edib. Bildirilib ki, son illər mütərəqqi təhsil texnologiyalarının Azərbaycanda tətbiq edilməsi qərara alınıb, bu sahədə önəmli addımlardan biri BANM-nin yaradılması olub. Dünya standartlarına uyğun fəaliyyət göstərən BANM qısa müddətdə nüfuzlu universitetlərlə sıx əməkdaşlıq münasibətləri yaradıb. Fransa Neft İnstitutu ilə imzalanmış Memorandum BANM-nin uğurlu addımlarından biri kimi qiymətləndirilib.