Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda keçiriləcək Azərbaycan-İspaniya biznes forumunda iştirak etmək üçün Bakıda səfərdə olan İspaniya nümayəndə heyətini qəbul edib. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, R.Abdullayev belə görüşlərin ölkələr arasında iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığını söyləyib.
Öz növbəsində İspaniyanın ICEX ticarət və investisiya təşkilatının ixracat və biznes əməkdaşlığı şöbəsinin direktoru Rafael Aguilar İspaniyada Azərbaycana böyük maraq olduğunu vurğulayıb və qeyd edib ki, Azərbaycan-İspaniya biznes forumunda iştirak etmək üçün Bakıya gəlmiş nümayəndə heyətində energetika, neft-kimya, mühəndislik və başqa sahələr üzrə müxtəlif şirkətlər təmsil olunur. Artıq bir sıra dövlət təşkilatlarında görüş keçirdiklərini bildirən qonaq nümayəndə heyəti üzvlərini ARDNŞ-in prezidentinə təqdim edib. Qonaqlar təmsil etdikləri şirkətlərin fəaliyyət sahələri haqqında məlumat verib, ARDNŞ ilə əməkdaşlıq imkanlarını araşdırmaq niyyətində olduqlarını ifadə edib, onları maraqlandıran məsələlərdən danışıblar.
R.Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal enerji layihələri haqqında qonaqların suallarına cavab verib. O, Türkiyədə STAR neft emalı zavodunun tikintisi ilə bağlı elan olunan tenderdə qalib gəlmiş «Technical Reunidas» şirkətinin nümayəndələrinin də görüşdə iştirak etdiyini bildirib və gələcəkdə həyata keçiriləcək layihələrdə digər ispan şirkətlərinin də açıq tenderlərdə iştirak etməklə təmsil olunacağına əminliyini bildirib.
R.Abdullayev yaxın illərdə Azərbaycanda həyata keçiriləcək «Şahdəniz-2», Neft-Qaz və Neft-Kimya Kompleksi, Sumqayıt Kimya Texnoparkının inşası kimi layihələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu söyləyib və ispan iş adamlarını bu layihələrdə fəal iştirak etməyə çağırıb.
ARDNŞ prezidenti həmçinin, Azərbaycanda əlverişli biznes və investisiya mühitinin olduğunu vurğulayıb, xarici sərmayələrin qanunla qorunduğunu nəzərə çatdırıb.