“APA-Economics”in xəbərinə görə, bu barədə Avropa Komissiyasının yaydığı açıqlamada bildirilir.
Qeyd olunur ki, Türkiyədə tikilməkdə olan yeni TANAP boru kəmərini nəzərə aldıqda, yeni qaz infrastrukturu – TAP layihəsi birbaşa Xəzər dənizini Avropa ilə əlaqələndirəcək.
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Cənub Qaz Dəhlizinin Avropa marşrutu olaraq TAP layihəsinin seçilməsi ilə bağlı “Şahdəniz” konsorsiumunun qərarını alqışladığını bəyan edib: “Bu, Avropanın birgə uğuru və İttifaqımızın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsidir. Əminəm ki, 2011-ci ilin yanvar ayında Azərbaycanın prezidenti Əliyevlə imzaladığım strateji Birgə Bəyanata əsaslanan bu qərar Xəzər dənizindən Avropa İttifaqına birbaşa xüsusi keçid olacaq və zamanla genişlənəcək Cənub Qaz Dəhlizinin tam və çevik şəkildə reallaşmasına daha çox təkan verəcək”.
AB-nın enerji məsələləri üzrə komissarı Günter Ottinger isə deyib ki, qazın yeni xüsusi qaz boru kəməri sistemi ilə birbaşa Avropaya çatdırılacağı ilə bağlı Azərbaycan öz üzərinə aydın öhdəlik götürüb: “Sistemin TANAP və TAP iki qaz boru kəmərindən və ya əvvəlki layihələrdə nəzərdə tutulduğu kimi, bir boru kəmərindən ibarət olmasının enerji təhlükəsizliyi baxımından heç bir fərqi yoxdur. Bizim artıq qazla bağlı yeni tərəfdaşımız var və gələcəkdə daha çox qaz qəbul edəcəyimizdən əminəm”.
Qeyd edək ki, Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını bu gün rəsmən açıqlayıb. «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.
TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.
Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.