Bakı - APA-Economics. Fevralın 20-də Avropa Birliyi (AB) və Azərbaycan arasında imzalanmış enerji sahəsində Anlaşma Memorandumunun icrasının genişləndirilməsinə dair 3-cü görüş keçiriləcək.
AB-nin Azərbaycandakı nümayəndəliyindən “APA-Economics”ə verilən məlumata görə, Avropa Komissiyasının Enerji Məsələləri üzrə Baş Direktorluğu, Avropa Xarici Fəaliyyət Xidmətinin və AB-nin Azərbaycandakı nümayəndəliyinin rəsmiləri Sənaye və Energetika Nazirliyi və digər dövlət qurumları ilə danışıqlar aparacaqdır.
AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia bildirib ki, Avropa bazarlarına Azərbaycan qazının çatdırılması Azərbaycanın təhlükəsizliyinə və inkişafına töhfə verəcək: “Qarşıdan gələn görüş “Cənub Qaz Dəhlizi”nə dair mühüm qərarların astanasında baş tutacaq”.
Qeyd edək ki, 2006-cı ilin noyabr ayında Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu və Azərbaycan prezidenti İlham Əliyev AB və Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığın yaradılmasına dair Anlaşma Memorandumu imzalayıb. Əməkdaşlıq üçün dörd prioritet sahə (qanunvericiliyin uyğunlaşdırılması, təchizat və tranzit sistemlərinin təhlükəsizliyinin artırılması, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyinin artırılması, həmçinin texniki sahədə əməkdaşlıq) seçilib. Anlaşma Memorandumunun icra müddəti ötən il başa çatmış 14 mln. avro dəyərində olan Büdcəyə Dəstək Proqramı ilə dəstəklənib. Anlaşma Memorandumu çərçivəsində son görüşlər 2009 və 2011-ci illərin fevral aylarında keçirilib.