Bakı – APA-Economics. Mayın 23-24-də Sidneydə (Avstraliya) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə VI Qlobal Konfrans keçirilib. MHŞT üzrə Hökumət Komissiyasının sədri, İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti konfransda iştirak edib.
Fonddan «APA-Economics»ə verilən məlumata görə, konfransda MHŞT-nin İdarə Heyətinin fəaliyyətinə dair müxtəlif məsələlər, İdarə Heyətinin yenidən seçilməsi, ölkələrin MHŞT sahəsində əldə etdiyi nailiyyətlər, yeni üzv ölkələrin seçilməsi və s. məsələlər müzakirə edilib. Konfransda Azərbaycan Beynəlxalq İdarə Heyətinin üzvü seçilib.
İclasda İdarə Heyətinin xüsusi qiymətləndirmə prosesindən keçmiş iki ölkəyə (Toqo və Kot-d’İvuar) tamhüquqlu üzv, iki yeni ölkəyə isə (Filippin və Honduras) namizədlik statusu verilməsi qərara alınıb. Daha yeni iki ölkə isə (Fransa və İngiltərə) gələcəkdə MHŞT-yə qoşulmaq istəklərini bəyan edib.
Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub və MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana «2009-cu il MHŞT mükafatı» təqdim edilib.