Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Polşa ilə enerji sahəsində mövcud əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu bu günlərdə Polşaya səfər edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, sənaye və energetika naziri Natiq Əliyev bildirib.
Onun sözlərinə görə, Avropanın böyük dövlətlərindən olan Polşa Azərbaycan üçün əhəmiyyətli bir ölkədir. Nazir qeyd edib ki, Polşa Avropa İttifaqına inteqrasiya yolunu artıq tam keçib: «Artıq Avropanın bütün bazar elementləri Polşada mövcuddur. Polşa tam bazar iqtisadiyyatı prinsipləri ilə işləyən bir ölkədir. Bu baxımdan Polşanın təcrübəsi Azərbaycan üçün vacibdir».
N.Əliyev səfər çərçivəsində Polşada keçirdiyi görüşlərdə iki ölkə arasında əməkdaşlığa dair səmərəli müzakirələrin aparıldığını deyib. Nazir qeyd edib ki, Polşa ilə Azərbaycan arasında enerji sahəsində xüsusi əməkdaşlıq əlaqələri mövcuddur.
O həmçinin, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün seminarın keçirilməsinin planlaşdırıldığını deyib.