Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, səfər zamanı Azərbaycanda inşası nəzərdə tutulan Neft-qaz emalı və neft-kimya Kompleksi (NQNK) layihəsinin ilk mərhələsi olan Qaz Emalı Zavodunun (QEZ) layihələndirilməsi və icrasında Qətər dövlətinin son illər qazandığı təcrübədən yararlanmaq məqsədi ilə geniş təcrübə mübadiləsi aparılıb, digər məsələlər müzakirə edilib.
«Qatar Petroleum International» şirkətində Direktorlar Şurasının üzvləri, şirkətinin icraçı direktoru Nasser əl-Cəida və neft və qaz birgə müəssisələri üzrə direktoru Saad əl-Kaabi ilə görüşlər keçirilib. Görüşdə son illər bütün dünyada Qətər və Azərbaycanın iqtisadi inkişaf sürətinə görə əhəmiyyətli nəticələr əldə etdiyi vurğulanıb. ARDNŞ-in vitse-prezidenti T.Qəhrəmanov Qətərin dünya neft-qaz bazarında özünəməxsus yer tutduğunu qeyd edib.
Görüşdə NQNK layihəsi barədə məlumat verilib, iki şirkət arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə işçi qrupunun yaradılması və qazanılan təcrübələrin bölüşdürülməsi təklif edilib. Neft-qaz sahəsində qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti Qətərin neft-qaz istehsalat zavodlarını özündə birləşdirən və dünyanın ən böyük sənaye şəhərciklərindən biri olan «Ras Laffan» sənaye şəhərciyinə də səfər edib. Burada fəaliyyət göstərən emal zavodları, liman təsərrüfatı, köməkçi istehsalat obyektləri və s. barədə geniş məlumat verilib, istehsal sahələrinə - dünyanın ən böyük LNG istehsalı zavodlarına və liman təsərrüfatına, tikinti zamanı çalışan işçilərin yaşaması üçün salınmış tikinti şəhərciyinə baxış keçirilib və ətraflı fikir mübadiləsi aparılıb.