Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 14,1 mln. ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% az neft nəql edilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 10,7 mln. ton və ya 2012-ci ilin analoji dövrünə nisbətən 6,1% az neft ötürülüb. Bu dövrdə gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1 mln. ton və ya ötən ildəkindən 16,7% az tranzit Türkmənistan nefti nəql edilib.
Magistral qaz kəmərləri ilə isə yanvar-aprel aylarında 7 mlrd. kubmetr və ya ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% az qaz nəql edilib. Nəql edilmiş qazın 19,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə hesabat dövründə 1,4 mlrd. kubmetr və ya 2012-ci ilin ilk dörd ayı ilə müqayisədə 12,5% az qaz ötürülüb.