Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2013-cü il mayın 1-nə mənfi 3,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks aprelin əvvəlində mənfi 7,3%-ə bərabər olub.
Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. Göründüyü kimi, indeks mənfidir ki, bu da anbarlarda mal ehtiyatlarının azaldığını göstərir. Belə ki, 2013-cü il mayın 1-nə sənaye müəssisələrinin anbarlarında 281,0 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da aprelin 1-nə nisbətən 10,9 mln. manat azdır.