Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2013-cü il oktyabrın 1-nə mənfi 7,3% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks sentyabrın əvvəlinə mənfi 10,1% olub.
Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. Göründüyü kimi, artan dinamika nümayiş etdirməsinə baxmayaraq, indeks mənfi zonadadır ki, bu da anbarlarda mal ehtiyatlarının azalmasını göstərir. Belə ki, 2013-cü il oktyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 259,7 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da sentyabrın 1-nə nisbətən 20,5 mln. manat azdır.
«Ekonomist» jurnalının («APA Holdinq»in üzvü) ekspertləri hesab edirlər ki, makroiqtisadi baxımdan sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatlarının azalması ümumilikdə müsbət göstəricidir: «Lakin bunu birmənalı söyləmək olmaz. Çünki bu azalmanın iki əsas əks istiqamətli səbəbi ola bilər. Belə ki, bu, istehlakın artması və ya istehsalın azalması nəticəsində baş verir. Sentyabrda sənaye sahəsində (mədənçıxarma və emal sənayesi) istehsalın dəyəri avqusta nisbətən 2,719 mln. manatdan 2,670 mln. manatadək azalıb. Beləliklə, sənaye istehsalında mal ehtiyatlarının azalması məhz istehsalın zəifləməsi ilə əlaqədar olub ki, bu da, əlbəttə ki, müsbət göstərici kimi qiymətləndirilə bilməz».