Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda tikiləcək yeni neft, kimya və qaz emalı kompleksinin inşası layihəsinin ümumi dəyəri 17 mlrd. ABŞ dolları təşkil edir. «APA-Economics»in xəbər verdiyi kimi, bunu bəyan edən Azərbaycan Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov eyni zamanda bildirib ki, bu qiymət azala bilər.
Belə ki, kompleksdə tikiləcək bəzi kimya müəssisələrinin artıq Sumqayıtda yenidənqurmadan sonra fəaliyyətə başlaması səbəbindən onların tikintisinə zərurət olmayacaq.
T.Qəhrəmanov həmçinin bildirib ki, kompleksdə tikiləcək qaz emalı zavodunun inşası üzrə tender 2013-cü ilin sonuna kimi elan olunacaq və gələn ilin ortalarında tenderin qalibi müəyyənləşəcək.