Bakı. Şamil Əlibəyli – APA-Economics. “Xəzər və Mərkəzi Asiya regionları böyük karbohidrogen ehtiyatlarına malikdir və bu ehtiyatlar Avropa ölkələrinin enerji təchizatında mühüm rol oynayır”. “APA-Economics”in məlumatına görə, bu barədə “Dəyişən dünyada Cənubi Qafqaz” II Forumunda çıxış edən Azərbaycan sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib.
Onun sözlərinə görə, dünya qaz ehtiyatlarının 7%-i Xəzər regionunda cəmləşib ki, bu da 14 trln. kubmetr qaz deməkdir: “Bu, regiona 70 il bəs edəcək. Regionda aşkar edilmiş neft ehtiyatlarının həcmi 48 mlrd. barel və ya dünya ehtiyatlarının 3,5%-ni təşkil edir. Gələcəkdə Xəzər regionunun təbii qaz ixrac həcmini 135 mlrd. kubmetr səviyyəsində planlaşdırırıq ki, bunun da 35 mlrd-ı Azərbaycanın payına düşür. İndiyədək Xəzər regionunda 25,8 mlrd. barel neft çıxarılıb ki, bu da ilkin neft ehtiyatlarının 19%-i deməkdir. Regionda hasilat aparılan yataqlarda qalan neft ehtiyatlarının həcmi 108 mlrd. barel, yaxud dünya neft ehtiyatlarının 4,7%-ni təşkil edir. Azərbaycanda ilkin neft ehtiyatları 29,9 mlrd. bareldir, indiyə qədər 11,7 mlrd. barel neft çıxarılıb”.
N.Abbasov qeyd edib ki, son illər ərzində neft hasilatı 5 dəfə artıb, rekord göstəriciyə isə 2010-cu ildə nail olunub.