Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 18,1 mln. ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 4,2% azdır.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 13,8 mln. ton neft ötürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% azdır. Bu dövrdə gəmilərlə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1,3 mln. ton tranzit Türkmənistan nefti nəql edilib. Bu da ötən ilə nisbətən 7% azdır.
Bununla yanaşı, hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə 8,5 mlrd. kubmetr qaz nəql edilib ki, ötən ilin yanvar-may ayına nisbətən ötürülmüş qazın həcmi 2,3% azalıb. Nəql edilmiş qazın 20,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə cari ilin ilk beş ayında 1,8 mlrd. kubmetr qaz nəql olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə dəyişməz qalıb.