Bakı. Etibar Məmmədov – APA-Economics. Azərbaycanın neft sektorunda əmək, iqtisadi və sosial hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsi ilə bağlı mətbuat konfransı keçirilib.
APA-nın məlumatına görə, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Azərbaycanda hasilat sənayesində əmək qanunvericiliyinin pozulmasına dair təşkilatın illik hesabatı hazırlanıb. Müəyyən olunub ki, bu pozuntular nəticəsində xeyli insanın hüququ pozulub, iş yerlərini itirib, xəsarət alıb və faciəli şəkildə həlak olub. Bu sahədə Əmək Məcəlləsinin bəzi şərtlərinə əməl olunmadığını deyən M.Qəhrəmanlının sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (ARNDŞ) Kompleks Qazma İşləri Trestində il ərzində 1200-dən çox işçi ixtisar olunub, 2/3 hissədə əmək haqqı ödənilib və ya ödənişsiz məzuniyyətə göndərilib: «Araşdırmalarımıza görə, 2012-ci ildə əməyin mühafizə qaydalarının pozulması nəticəsində 59-dan çox bədbəxt hadisə baş verib. Ötən il Azərbaycanın neft sektorunda ölən işçilərin sayı 13 nəfər və əmək xəsarəti almış işçilərin sayı 46 nəfər olub. Ötən il xeyli işçi əmək hüquqlarının bərpası ilə əlaqədar dövlət orqanlarına və məhkəmələrə müraciət edib».
M.Qəhrəmanlı əmək qanunvericiliyini pozan şəxslərin maddi, inzibati və cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib.
ARDNŞ rəsmiləri isə məsələyə münasibət bildirmək istəməyiblər. «Mirvari Qəhrəmanlı həmişə siyasi mülahizələrlə danışdığına görə, onun dediklərinə münasibət bildirmək istəmirik», - deyə ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.