Bakı. Əli Əhmədov – APA-Economics. Hazırda Azərbaycanın Samux rayonu ərazisində alternativ enerji ilə bağlı yeni layihə həyata keçirilir. «APA-Economics»in məlumatına görə, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.
Onun sözlərinə görə, bu, pilot layihə sayılsa da, miqyaslarını nəzərə alanda əslində Samuxun avtonom rejimdə alternativ enerji ilə təminatını nəzərdə tutur. Belə ki, hazırda layihə çərçivəsində rayonda aqro-energetik yaşayış kompleksi salınır. Burada günəş, külək, termal enerji və biokütlələr hesabına enerji alınacaq. Alternativ enerji sistemi buradakı heyvandarlıq, quşçuluq, əkinçilik, balıqçılıq, istixanalar sistemini enerji ilə təmin edəcək: «Həm də buradan alınan biokütlə hesabına, digər dayanıqlı olmayan, günəş, külək enerjisini tamamlandırmalı və akkumulyasiya etməliyik və bu sistem avtonom rejimdə işləməlidir».
A.Bədəlovun sözlərinə görə, bu layihə dövlət vəsaiti hesabına alternativ enerji ilə bağlı araşdırmaların aparılması məqsədilə həyata keçirilir. Layihənin təcrübəsinə uyğun olaraq bu sahəyə özəl şirkətlər də cəlb ediləcək.