Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev «BP-Azerbaijan» şirkətinin prezidenti Qordon Birrell ilə görüşüb. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.
Onun sözlərinə görə, görüş zamanı əsasən «Azəri-Çıraq-Günəşli» (AÇG) blokunda və «Şahdəniz» layihəsi üzrə ötən il görülən işlərin nəticələri və 2013-cü ildə nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Görüş çərçivəsində Q.Birrel qeyd edib ki, hər iki layihə üzrə cari ilin yanvar ayının nəticələrinə görə işlər uğurla davam edir: «Ötən ilki bir sıra çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər həyata keçirilir, o cümlədən yeni quyuların istismara verilməsi planlaşdırılır».
A.Mənsimli həmçinin bildirib ki, görüş zamanı AÇG-də neft hasilatının stabil saxlanılması və yaxın gələcəkdə hasilatın artırılması istiqamətində «BP-Azerbaijan» şirkəti tərəfindən həyata keçiriləcək işlər barədə də müzakirələr aparılıb. Q.Birrel bildirib ki, proqnozlar nikbindir və bu, ötən ilki bir sıra çatışmazlıqları aradan qaldırılmasına ümid verir.
Görüş zamanı tərəflər arasında həmçinin «Şahdəniz» layihəsi çərçivəsində Azərbaycandan nəql olunan qaz barədə də fikir mübadiləsi aparılıb.
Tərəflər analoji görüşlərin ayda bir dəfə keçirilməsinə dair razılığına gəlib.