Bakı. Anaxanım Hidayətova – APA-Economics. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Ukraynanın energetika və kömür sənayesi naziri Eduard Stavitski ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
“APA_Economics”in Ukrayna Energetika Və Kömür Sənayesi Nazirliyinə istinadən xəbərinə görə, işgüzar görüşdə nazirlər Avropa-Asiya neft nəqli dəhlizi birgə layihəsinin davam etdirilməsinin detallarını, Azərbaycan neftinin Ukraynanın neft emalı zavodlarına və Ukraynanın neft nəqli sistemi vasitəsilə üçüncü ölkələrə çatdırılması məsələlərini nəzərdən keçiriblər.
E.Stavitski və N.Əliyev Azərbaycanın maye qazının Ukraynaya çatdırılması üzrə birgə layihələri, o cümlədən Ukraynada LNG terminalının tikintisini və bu ölkənin AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsində iştirakını, “SOCAR” brendli yanacaqdoldurma məntəqələri şəbəkəsinin fəaliyyətini və digər məsələləri müzakirə ediblər.